Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında videoçarx, biblioqrafik icmal, məlumat bülleteni, virtual və ənənəvi sərgi hazırlanıb.

“26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” adlı virtual sərgidə Ordunun yaranma və inkişaf tarixi əks olunub, “Heydər Əliyev və Azərbaycan Ordusu”, “Vətən müharibəsi və Vətəni yaşadanlar”, “Azərbaycan Ordusunun tarixi”, “Vətən simurqları” kimi kitabların, “Qalib dövlətin müzəffər Ordusu”, “Dövlətin gücü ordudan başlayır”, “Silahlı qüvvələrimiz milli qürurumuzdur” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Kitabxana əməkdaşları tərəfindən tərtib olunan “Milli Qəhrəmanlar unudulmur!” adlı aylıq məlumat bülletenində Əlif Hacıyev, Səfa Axundov, Cavanşir Rəhimov, Ruslan Muradov haqqında məlumatlarla yanaşı, onlar haqqında çap olunan kitablar və dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri öz əksini tapıb.

“Müzəffər Ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmalda isə Milli Ordu quruculuğuna dair “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Heydər Əliyev və Ordu quruculuğu”, “Azərbaycan tarixinin zəfər salnaməsi”, “Xilaskar İlham Əliyev” kimi kitabların icmalı təqdim edilib.