Balakən rayon MKS və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Oxu məni” adlı tədbir keçirilib. Ulu öndərə, Vətənə və kitaba həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub. Çıxış edənlər Ümummilli liderin çoxşaxəli fəaliyyətindən söz açıb, bilik mənbəyi olan kitabın geniş təbliğində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Sonda bir qrup kitabxana işçisinə fəxri fərmanlar təqdim edilib.

***

Masallı rayonunun Çaxırlı kəndində Heydər Əliyevin 100 illiyinə həsr olunan "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib. Masallı RMİ, rayon İcra Hakimiyyəti, Gənclər İdman İdarəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda ümumtəhsil məktəblərinin şagirdləri və mədəniyyət müəssisələrinin dərnək üzvləri iştirak ediblər. Festivalda uşaqlar bir-birindən maraqlı rəqs, idman və musiqi nömrələri təqdim edib, şeirlər söyləyiblər. Tədbir N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi solistlərinin ifasında konsert proqramı ilə davam edib. Sonda festivalda fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Cəlilabad rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Çıxışlarda ömrünü Azərbaycan xalqının firavan gələcəyinə həsr edən dahi liderin zəngin siyasi irsinin gənc nəsil arasında təbliğinə xüsusi önəm verildiyi qeyd olunub.

***

Tərtər rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev ideyaları bu gün də yaşayır və uğurlarımızın rəhnidir” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub. Çıxışlarda qeyd olunub ki, millətin məhəbbətini qazanmış Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu öndər daim ən ülvi məhəbbətlə, hörmət və ehtiramla yad olunacaq. Bədii hissədə Xalq artisti, xanəndə Teyyub Aslanov və Bərdə RMİ-nin tabeliyindəki şəhər və rayonların sənət adamlarının iştirakı ilə konsert proqramı təqdim edilib.

Yevlax şəhər Mədəniyyət Mərkəzi, mərkəzin filialları olan şəhər Yaradıcılıq evi, Heydər Əliyev Sarayı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətən haradan başlayır” adlı tədbir keçirilib. Tədbirdə vətənpərvər ruhlu mahnılar və şeirlər səsləndirilib.

***

Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert təşkil edilib. Proqramda şagirdlərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

***

"Heydər Əliyev İli” ilə bağlı Ağstafa şəhər S.Vurğun adına mədəniyyət və istirahət parkında “Kitab bayramı” adlı tədbir təşkil olunub. Əvvəlcə müxtəlif elm sahələrini əhatə edən kitablardan ibarət sərgi nümayiş etdirilib. Rayonun mədəniyyət və incəsənət nümayəndələri, eləcə də istedadlı uşaqlar tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Hazırladı: N.Məmmədli