Yeni məqsəd və ideyalı müstəqil teatrın yaranması özlüyündə səhnə-sənət proseslərinə təkan olmaqla yanaşı, fərqli zövq və yaradıcı fikirlərin də realizəsi üçün meydan deməkdir. Bu ilin əvvəlində müstəqil teatrlarımızın sırasına daha biri qoşulub – “Sıfır Teatrı”. Teatrın bədii rəhbəri Mirtalib Həsənov, baş rejissoru Səid Abbasov, art direktoru Fuad Məmmədovdur.

Bu teatr daha çox meydan tamaşaları tipli səhnə nümunələri hazırlayacaq. İzləyici də oyuna daxil edilərək tamaşanın bir hissəsinə çevriləcək.

Teatr əsas etibarilə ekoloji böhran mövzusuna diqqət çəkmək və fərqli mövzulu tamaşaları da bu ideya ətrafında birləşdirmək niyyətindədir. Tamaşaların bütün rekvizitləri tullantı məhsullardan hazırlanır. Bu səbəbdən ekoaktivistlər və bu sahə üzrə təşkilatlarla əməkdaşlıq edilir.

Teatrın ilk tamaşası 24-25 iyunda Anton Çexovun “6 nömrəli palata” əsəri əsasında hazırlanmış eyniadlı nümunə ilə oldu.

Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən əsər müəllifin maraqlı hekayələrindən biridir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin leytmotivini təşkil edir. Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır, ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə, özününsə palatada çürüməsinə daxilən dözə bilmir. Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox, insanın daxilində olduğunu deyir; fərqi yoxdur, insan istər palatada olsun, istər evində, əgər o, dərrakəli insandırsa, deməli, xoşbəxtdir. Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı. Cəmiyyətin kəmağıl, mənfəətpərəst olması onu mənən incidir. Odur ki, yalnız palatada Qromovla söhbət edərkən rahatlanır.

Psixoloji dram janrındakı əsərə absurd üslubda quruluş verilib. Tamaşa boyu ağıl ilə dəlilik arasındakı sərhəd, yaşantı və elm, əzab haqqında düşüncələr süjetin əsas konfliktlərini təşkil edir.

Əsərin səhnələşdirmə müəllifi Mirtalib Həsənov, quruluşçu rejissoru Səid Abbasov, musiqi tərtibatçısı Fuad Məmmədovdur. Rolları Anar Bulud, Orxan Bakinski, Fərid Vəliyev, Samir Əliyev, Orxan Abışov, Anar İbrahimov və Şükür Babayev ifa edirlər.

Birsaatlıq səhnə işində biz Çexov qəhrəmanlarının ağır və real hisslərini gənc aktyorların ifa və oyun texnikasında yenidən görmək imkanı qazandıq.

Həmidə