Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrında yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

İyunun 30-da nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Əməkdar artist Münəvvər Əliyeva (Şükriyyə), Xalq artistləri Nurəddin Mehdixanlı (Fyodor Alekseyeviç), Əli Nur (Süleyman bəy), Əməkdar artistlər Mehriban Xanlarova (Zöhrə), Vəfa Rzayeva (Mariya), aktyorlar Afət Məmmədova (Tamar), Rada Nəsibova (Lola), Ləman İmanova (Suğra), Əməkdar artist Şəlalə Şahvələdqızı (Qadın müstəntiq), aktrisalar Dilarə Nəzərova (Olqa), Rüstəm Rüstəmov (Nəzarətçi) və başqaları rol alıblar.

Tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. 1937-ci ildə həbs olunan Şükriyyə xanıma 8 il həbs cəzası verilib və o, Şimali Qazaxıstanın Akmolinsk vilayətinə – əmək koloniyasına göndərilib.