Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

Universitetdən bildirilib ki, qonaqlar Soohyun Rhee, Sang Yoon Shin, Min Lyou öncə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə ilə görüşüblər. Koreyalı qonaqlara universitet barədə məlumat verilib, təhsil ocağının beynəlxalq əlaqələrindən söhbət açılıb, birgə əməkdaşlıq məsələlərinə toxunulub. Qonaqlar da AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

AzMİU-nun İnnovativ Biznes İnkubator Mərkəzi ilə tanışlıq zamanı mərkəzin rəhbəri Nəsibə Əmirbəyova inkubasiyanın fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib.

Qeyd edək ki, bu yaxınlarda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə KOICA “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi” proqramı həyata keçirilib və həmin proqramda AzMİU-nun 5 əməkdaşı və 2 startap komandası iştirak edib.