Düşmənin viran qoyduğu Füzulidə onun tikdirdiyi məsciddən nişanə qalmayıb...

 

Erməni işğalından öncə Füzuli şəhəri və orada bir məscid də vardı. Hacı Ələkbər məscidi olaraq bilinirdi. Dini məkan haqqında kifayət qədər məlumat olsa da, onu tikdirən şəxsin – ulu babam Hacı Ələkbər bəyin həyat və fəaliyyəti haqqında isə məlumat azdır.

Hacı Ələkbər bəy Atakişi bəy oğlu Nəsirbəyоv 1857-ci ildə Şuşa qəzası Vərəndə sahəsinin Dədəli оbasında dоğulub. İlk təhsilini mоlla yanında alıb və sоnra məktəbdə оxuyub. Tiflis şəhərində “Nəcib uşaqlar üçün gimnaziya”nı fərqlənmə diplomu ilə bitirib.

Sonralar Bakı qəzasında dövlət idarələrində məmur işləyib və “Quberniya katibi” mülki çini alıb. Bir müddət Bakının ikinci sahəsinin pristavı vəzifəsində çalışıb. Həmin ərazidə asayişi qoruduğuna və cinayətkarlığı praktiki olaraq aradan qaldırdığına görə, dillərdə dastana çevrilib, hətta Bakı kəndlərində Ələkbər bəy haqqında meyxanalar düzüb-qoşublar.

O illərdə yayılmış bəzi məlumatlara əsasən, Rusiya çarı II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç Romanov (1878-1918) Bakıya səfər edərkən onun ailə üzvlərindən birinə sui-qəsd cəhdi olur. Bu zaman mühafizənin təşkilində iştirak edən Ələkbər bəy ağciyərindən yaralanır, amma sui-qəsdin qarşısını alır. O, göstərdiyi cəsarətə görə qiymətli metallardan hazırlanmış saatla mükafatlandırılır. Həmin hadisədə aldığı yara isə ölənə qədər özünü xatırladır.

Dövlət qulluqçusu olmaqla yanaşı, Həcc ziyarətinə də gedən Ələkbər bəyin adı o dövrün görkəmli azərbaycanlı xeyriyyəçiləri sırasında çəkilir. O, Qarabağda və Zəngəzurda quruculuq və xeyriyyəçiliklə məşğul olub. Qaryagin kəndində (sonradan Füzuli şəhəri) dəyirman və klub tikdirib, kəhriz vurdurub. Həmçinin Qafan rayonunda (indiki Ermənistan ərazisi) mis mədənlərinin sahibkarlarından biri olub.

Hacı Ələkbər bəyin ən böyük layihələrindən biri Qaryagində inşa etdirdiyi məscid olub. O, məscidin tikintisinə şəxsi büdcəsindən vəsait ayırıb, bu işi memar Kərbəlayı Səfixana və Şuşadan dəvət olunan ustalara həvalə edib. Binanın daş kitabəsində məscidin tikilmə tarixi hicri təqvimlə 1307-ci il (1889–1890-cı illər) göstərilib. Bu ibadət evi “Hacı Ələkbər məscidi” kimi tanınıb.

Vəfatından az əvvəl Hacı Ələkbər bəy məscidin girişində pilləkənlərin altında dəfn olunmasını vəsiyyət etsə də, yerli camaat xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq onu öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qarşısında dəfn edib. Təəssüf ki, erməni işğalı zamanı digər dini-mədəni abidələr kimi, bu məscid tamamilə dağıdılıb.

Hacı Ələkbər bəy Mina xanım Məşədi Əkbər bəy qızı Zöhrabbəyova ilə ailə qurub. Bu nikahdan onların bir oğlu, üç qızı dünyaya gəlib: Behbud, Sona, Tovuz və Mələk.

Behbud bəy ibtidai təhsilini molla yanında alıb, sonra Bakı gimnaziyasına daxil olub. Ata mülkünü idarə etməklə güzəran keçirib. Gənc yaşlarında naməlum səbəblərdən itkin düşüb.

Böyük qızı Sona xanım Mir Mehdi Xəzaninin nəvəsi Məhəmməd bəy Məlik-Aslanovla ailə həyatı qurub. Ortancıl qızı Tovuz xanım Qarabağ xanı vəzirinin nəvəsi Həşim bəy Vəzirovun oğlu Mustafa bəylə evli idi. Mələk xanım isə Qarabağın tanınmış ailələrindən olan Cuvarlinski nəslinin nümayəndəsi Cavad bəyin həyat yoldaşı olub.

Hacı Ələkbər bəyin ailəsi Bakıda yaşadığı zaman qızları böyük ədib və maarif xadimi Abdulla Şaiqdən dərs alıblar.

Hacı Ələkbər bəyin o dövrün Azərbaycan elitasının bir çox tanınmış nümayəndələri ilə yaxşı münasibəti olub. Onun həmçinin milli mesenat Hacı Zeynalabdin Tağıyevlə əlaqəsi, ünsiyyəti varmış. Onlar bir-birinə böyük hörmətlə yanaşıblar.

XX əsrin əvvəllərində məhz H.Z.Tağıyevin təşəbbüsü və vəsaiti ilə Quranın Azərbaycan dilinə tərcüməsi nəşr olunur. Tağıyev müqəddəs kitabın bir nüsxəsini Hacı Ələkbər bəyə hədiyyə olaraq təqdim edib. Ailəmiz həmin Quranı indiyədək qoruyub saxlayıb.

Rəyanə Məlik-Aslanova