Bakıda ilk dəfə “SportExpo Azerbaijan-2012” sərgisi keçirilir
   
   Noyabrın 28-də Bakı Ekspo Mərkəzində «ITE Group”un Qafqazdakı tərəfdaşı «İteca Caspian» şirkətinin təşkilatçılığı ilə I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi («SportExpo Azerbaijan-2012») və gənclər təşkilatlarının IV respublika sərgisinin («Youth Fair») rəsmi açılış mərasimi oldu.
   
   Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov və “İTE Group” şirkətinin icraçı direktoru Eduard Strun çıxış etdilər.
   Nazir Azad Rəhimov 2012-ci ili Azərbaycanın idman ictimaiyyəti üçün möhtəşəm il adlandırdı: «Bu il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən «İdman ili» elan olunub. İdmançılarımız London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, xalqımıza böyük sevinc bəxş ediblər. 2012-ci ildə ilk dəfə ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatı və “Formula” avtoyarışı təşkil edilib. Bütün bunlar sübut edir ki, Azərbaycan idman ölkəsidir».
   Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov bildirdi ki, son illər Azərbaycanda idmanın kütləviliyi əvvəlki dövrlərlə müqayisədə qat-qat artıb. Bunun nəticəsində Azərbaycan mötəbər idman yarışlarına ev sahibliyi edir, ölkə idmançıları isə müxtəlif beynəlxalq tədbirlərdə daha çox medal qazanırlar: «Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğı nəticəsində son 10 ildə Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Azərbaycan bu gün əhalinin sayına görə dünyada 89-cu yeri, ərazisinə görə 112-ci yeri tutur. Amma Azərbaycan idmançıları yüksək nəticələr göstərərək ölkənin adını daha yüksəklərə qaldıra bilirlər».
   «İTE Group» şirkətinin icraçı direktoru Eduard Strun isə sərginin təşkilinə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə təşəkkür etdi. O bildirdi ki, indiyədək müxtəlif sərgilər təşkil etsələr də, Bakıda idmanla bağlı ilk belə tədbir keçirirlər.
   Açılış mərasimi başa çatdıqdan sonra qonaqlar sərgi ekspozisiyasını gəzdilər.
   Qeyd edək ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da sərgilərlə tanış oldular. Dövlət başçısına və xanımına məlumat verildi ki, I Azərbaycan beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisində ölkəmizin idmançılarının nailiyyətləri, bu sahədə həyata keçirilən layihələr və digər tədbirlərə dair ekspozisiyalar nümayiş etdirilir. Sərgidə ölkəmizdə idman sahəsində görülən mühüm işlərə, o cümlədən idmançılarımızın nailiyyətlərinə dair eksponatlar nümayiş olunur.
   Gənclər təşkilatlarının IV Respublika sərgisi isə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı çərçivəsində təşkil edilib. Sərgidə gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər, eyni zamanda gənclərin ictimai fəallığı haqqında geniş məlumatlar təqdim olunur. Sərgi müddətində gənclər üçün müxtəlif mövzular üzrə təlimlərin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
   
   Zəngin ekspozisiyaya böyük maraq
   
   İlk dəfə keçirilən sərgi 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatlarını bir araya gətirmişdi. Eyni zamanda sərgidə idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunurdu. Ekspozisiyasının böyük hissəsini isə Azərbaycanda idmanın müxtəlif növləri ilə məşğul olan federasiyaların (boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı və s.) stendləri tuturdu.
   «SportExpo 2012» sərgisində diqqəti cəlb edən stendlərdən biri Azərbaycan Alpinizm Federasiyasına məxsus idi. Stenddə dünyanın ən uca zirvələrində, həmçinin Antarktidaya sancılmış Azərbaycan bayrağının fotoşəkilləri xüsusi maraq doğurdu.
   Federasiyanın əməkdaşları ziyarətçilərə Azərbaycan alpinistlərinin son iki ildə əldə etdikləri nailiyyətlər, dünyanın müxtəlif dağ sistemlərində keçirilmiş ekspedisiyalar haqqında ətraflı məlumat verirdilər. Burada ölkənin ən güclü alpinistləri ilə ünsiyyət qurmaq imkanı da vardı. Əməkdaşların sözlərindən məlum oldu ki, gələn il Azərbaycan Alpinizm Federasiyası 50 illik yubileyini qeyd edəcək.
   «SportExpo 2012» ilə eyni vaxtda keçirilən gənclər təşkilatlarının IV Respublika sərgisində («Youth Fair-2012») isə Azərbaycanın 70-dən çox gənclər təşkilatları iştirak edirdi. Sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb edilməsi haqqında məlumat verməkdir.
   Qeyd edək ki, hər iki sərgi noyabrın 30-da yekunlaşacaq.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar