Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrəyə səfəri çərçivəsində Türkiyənin İsveçrədəki səfiri Ece Acarsoy ilə görüşüb.

Görüşdə fondun himayəsi altında qurulan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən peşəkar xanım  sənətçilərdən ibarət “Yeddi gözəl” musiqi qrupunun kollektivi də iştirak edib.

Fondun Türk dünyası mədəniyyətinin qorunması və təbliği yönündə fəaliyyətindən bəhs olunub,  bu istiqamətdə bir sıra Avropa ölkələri ilə də aktiv əməkdaşlıq edildiyi vurğulanıb. Fondun və Azərbaycanın İsveçrədəki Səfirliyinin birgə təşkilatçılığı ilə bu ölkədə Türk dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsinə diqqət çəkilib.

Qeyd edək ki, ötən həftə Bern Filarmoniyasında gerçəkləşən konsertdə azərbaycanlı pianoçu və dirijor, Əməkdar artist Turan Manafzadənin rəhbərliyi ilə “Yeddi gözəl” musiqi qrupunun ifasında Azərbaycan, qazax, qırğız, türk, özbək, türkmən, macar və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun musiqiləri, Azərbaycan xalq mahnıları “Sarı gəlin”, “Laçın”, eləcə də T.Manafzadənin “Türkiyə – 100” əsəri yer alıb.

Söhbət zamanı fond tərəfindən Türkiyə Cümhuriyyətinin 100 illiyi çərçivəsində təşkil edilmiş və il ərzində planlaşdırılan tədbirlər haqqında söhbət aparılıb. Təşkilatın ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin ölkələr və xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.