Azərbaycan Aşıqlar Birliyi (AAB) daha bir layihəni başa çatdırıb. Layihə çərçivəsində son illərdə ozan-aşıq sənəti ilə bağlı bir sıra dəyərli kitablar, şeir antologiyaları nəşr etdirən AAB-də xalqımızın bu ölməz sənəti ilə bağlı yeni bir kitab – “Aşıq, bağrına bas sədəfli sazı” adlı şeir antologiyası hazırlanaraq çap olunması üçün nəşriyyata təqdim olunub.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, topluda əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemalar cəmlənib.
Antologiyanın birinci bölümdə aşıqların saz və ümumiyyətlə, aşıq sənətinə dair şeirləri, ikinci bölümdə şairlərin eyni məzmunlu şeirləri, üçüncü bölümdə aşıqların və şairlərin saz havalarına həsr etdikləri poetik nümunələr, dördüncü bölümdə ustad aşıqlara, beşinci bölümdə isə sazbəndlərə ithaf olunmuş şeirlər yer alıb. Görkəmli aşıqların yaradıcılığında saza və aşığa həsr olunmuş şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər topluda geniş yer alıb.
Saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçalarına da antoloji nəşrin müvafiq bölümündə yer ayrılıb.
“Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işidir. Bu toplu qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir.
Geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulan nəşri hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfi doktoru, dosent Altay Məmmədli, elmi məsləhətçi AAB-nin sədri, Dövlət mükafat laureatı Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.