AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Ümummilli liderin 100 illik yubileyinə həsr olunan və hibrid formada (ənənəvi və videoformatda) tədbirdə öncə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İyulun 7-də keçirilən konfransın plenar iclasını giriş nitqi ilə institutun baş direktoru akademik Teymur Kərimli açaraq Ulu öndərin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. O, dahi şəxsiyyətin Azərbaycanın elmi potensialının yüksəlməsində, maddi və mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlərini qeyd edərək Əlyazmalar İnstitutunun məhz onun diqqət və qayğısı sayəsində yaradıldığını vurğulayıb.

İnstitutun icraçı direktoru Paşa Kərimov Respublika Əlyazmalar Fondunun Əlyazmalar İnstitutuna çevrilməsi sahəsində Ulu öndərin gördüyü işlərdən bəhs edib. Totalitar sovet rejimində bunu etməyin olduqca çətin və mürəkkəb bir iş olduğunu qeyd edən alim məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində bu işin mümkün olduğunu vurğulayıb.

Konfransın açılış mərasimindən sonra plenar iclas öz işinə başlayıb. İclasda AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru professor Fərman Xəlilov “Heydər Əliyev və Naxçıvanın Əlyazmalar xəzinəsi”, Əlyazmalar İnstitutunun şöbə müdiri dosent Aygül Hacıyeva “Ulu öndər Heydər Əliyev və Azərbaycan gəncliyi”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Lalə Əlizadə “Heydər Əliyev və Əliağa Vahid”, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi dosent Aybəniz Rəhimova “Şərq renessansının ən böyük şəxsiyyəti” ideyası kimə məxsus idi?” və institutun aparıcı elmi işçisi dosent Rübabə Şirinova “Xalqın qəlbinə möhürlə yazılan dahi şəxsiyyət” adlı məruzələrlə çıxış ediblər.

Daha sonra konfrans işin bölmə iclasları ilə davam etdirib. Məruzələr dilənildikdən sonra institutun akt zalında bölmə iclaslarındakı məruzələr müzakirə olunub. Məruzəçilərə iştirakla bağlı sertifikat verilib.