AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi dosent Qətibə Quliyevanın “Qədim türk abidəsi “Xuastuanift”in dili” adlı monoqrafiyası çap olunub.

İnstitutdan bildirilib ki, monoqrafiya qədim türk abidələri içində ikinci böyük qolu təşkil edən qədim uyğur abidələrindən olan “Xuastuanift”in Berlin, London və Sankt-Peterburq nüsxələri, onların tapılması və nəşri tarixi, qədim uyğur abidələrinin təsnifatı, qədim uyğur türkləri, onların tarixi və mədəniyyəti haqqında bilgiləri, eləcə də abidənin dil xüsusiyyətlərinin təhlilini əhatə edir.

Monoqrafiyada qədim türklərin dini inancları fonunda manixey dininə tapınan uyğur türklərinin müxtəlif zamanlarda qəbul etdikləri dini inanclardan, manixeyizmin yaranmasından və türklər arasında yayılmasından bəhs olunur. Qədim uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu olan və manixey türklərin tövbə duası olan “Xuastuanift”in dil xüsusiyyətləri qədim və orta əsrlər türk yazılı abidələri, müasir türk dilləri ilə müqayisəli şəkildə araşdırılıb, uyğur türklərinin mədəniyyətinin müəyyən mərhələləri işıqlandırılıb, türkcənin təşəkkül və inkişaf tarixi fonunda abidənin türk tərcümə ədəbiyyatı tarixindəki yeri, abidənin yazıldığı dil mühiti, leksik və qrammatik xüsusiyyətləri təhlil edilib.

Monoqrafiyanın elmi redaktorları mərhum professor Məmmədəli Qıpçaq, rəyçiləri akademik Nizami Cəfərov, professorlar Sevil Mehdiyeva, Osman Fikri Sertkaya, redaktoru Dəyanət Osmanlıdır.

Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə işıq üzü görən nəşr görkəmli türkoloq, mərhum professor Məmmədəli Novruzovun (Qıpçaq) əziz xatirəsinə həsr olunub.