BMT-nin Əhali Fondu növbəti hesabatını yayıb...
11 iyul – Dünya Əhali Günü ərəfəsində BMT-nin Əhali Fondu (UNFPA) dünyadakı demoqrafik vəziyyətlə bağlı növbəti hesabatını (2022-ci ilin yekunları) yayıb. Əlamətdar gün 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub.
Hesabatda dünya əhalisinin 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatdığı diqqətə çatdırılır. Hesabata görə, 2022-ci ildə ən çox əhalisi olan ölkə Çin (1 milyard 425 milyon 887 min nəfər), ikinci yerdə isə Hindistan (1 milyard 417 milyon 173 min) olub. 338 milyon 290 min nəfər əhalisi ilə ABŞ üçüncüdür.
Qeyd edək ki, qeyri-rəsmi statistikaya görə, 2023-cü ildə Hindistan bu sıralamada birinci yerə çıxıb və yəqin ki, bu artıq UNFPA-nın gələn il yayacağı hesabatda əks olunacaq.
2022-ci ilin yekunlarına gəlincə, hesabata demoqrafik vəziyyətlə bağlı bir sıra parametrlər üzrə diqqətçəkən göstəricilər var. Ötən il dünya üzrə orta ömür uzunluğu 71,7 il, o cümlədən kişilər üçün 69,1, qadınlar üçün isə 74,4 il idi.
Dünyada kişilər üçün ömür uzunluğunun ən yüksək olduğu ölkə Monakodur – 85,1 il olub. Sonrakı yerdə Lixtenşteyn (83 il), üçüncü yerdə İsveçrədir (82,5 il). Azərbaycanda kişilər üçün 71,3 il ömür uzunluğu dünya ortalamasından yüksəkdir.
Qadınlar üçün ömür uzunluğuna görə də Monako birincidir – 88,9 il. 2-3-cü sıralarda Yaponiya (87,8 il) və Cənubi Koreyadır (87,1 il). Azərbaycanda qadınlar üçün ömür uzunluğu 75,9 ildir.
Yeri gəlmişkən, UNFPA-nın hesabatına görə, 2022-ci ildə Azərbaycan əhalisinin sayı 10 milyon 156 min nəfər (dünya əhalisinin 0,13 faizi) olub və ölkəmiz bu göstərici ilə dünyada 90-cı sıradadır.