Mütəxəssislər müxtəlif fikirlər səsləndirir
   
   «Turizm haqqında» yeni hazırlanmış qanun layihəsində Azərbaycanda fəaliyyət göstərən turizm müəssisələri arasında turoperator və turagent kimi bölgünün aparılması nəzərdə tutulur.
   
   Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovun sözlərinə görə, bu bölgüdən sonra turizm bazarında özünü tanıtmış, iş təcrübəsi olan şirkətlər turoperator ola biləcəklər. Ancaq turoperator birbaşa turistlə işləyə bilməz. O, yalnız turizm şirkəti vasitəsilə öz məhsulunu sata biləcək: «Turoperator çarter reysləri təşkil edir və başqa turizm şirkətlərinə paket təqdim edir. Yerli turizm şirkətləri də o paketi alır və vətəndaşlara satır. Turoperator olmaq üçün müəssisə dövlət tərəfindən qoyulmuş müəyyən meyarlara cavab verməlidir».
   AzTA sədri qeyd edir ki, Türkiyədə turizm şirkətləri A, B və C kateqoriyalarına bölünür. Şirkətlər bu kateqoriyalara uyğun fəaliyyət göstərirlər: “Azərbaycan turizm şirkətlərini kateqoriyalara bölməkdənsə, onların turoperator və turizm şirkətlərinə bölünməsi daha düzgündür. Belə olduqda turizm şirkətlərinin xətti ilə Azərbaycandan xarici ölkələrə gedən turistlərimiz öz səfərlərini daha rahatlıqla başa vura biləcəklər. Turoperatorların yaranması nəticəsində turizm şirkətlərinin məsuliyyəti də artacaq”.
   
   Gələcəkdə nə turagentə, nə də turoperatora ehtiyac qalacaq
   
   Azərbaycan Turizm İnstitutunun Turizmin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov qəzetimizə açıqlamasında əvvəlcə turoperator və turagent terminlərinə aydınlıq gətirdi. Onun sözlərinə görə, bəzi hallarda mətbuatda bu anlayışlar düzgün şərh edilmir: «Turizm fəaliyyəti ilə məşğul olan müəssisələr turizm şirkəti adlanır. Şirkət ümumi addır. Turoperator turizm məhsulunu hazırlayan və onu bazarda topdan satan turizm şirkətidir. Turizm agentliyi hazır turizm məhsulunu turoperatordan alan və onu pərakəndə olaraq turistlərə satan hüquqi şəxs və şirkətdir. Agent isə, Azərbaycanda 1999-cu ildə qəbul edilmiş «Turizm haqqında» Qanunda da göstərildiyi kimi, fiziki şəxsdir. Yəni turoperatorla turist arasında vasitəçi rolunu oynayan fiziki şəxs”.
   Turoperatorla turagentin bazarda fəaliyyətinə gəldikdə isə, B.Bilalovun sözlərinə görə, hər hansı bir məhsula münasibətdə onların rolu dəyişə bilər: «Ola bilər ki, hər hansı bir məhsulun satışında turagentlik funksiyasını yerinə yetirən bir turizm şirkəti özü müstəqil olaraq turizm məhsulu hazırlasın və onu digər şirkətlərin vasitəsilə bazarda satsın. Onda bu artıq turoperator rolunu oynayacaq. Hesab edirəm ki, bu gün Azərbaycan turizm bazarında konkret olaraq hansısa şirkətlərin turoperatorlara, hansılarınsa turizm agentliklərinə bölünməsi düzgün deyil. Artıq dünyada elə bir vəziyyət yaranıb ki, insanlar mehmanxanalarla, istirahət mərkəzləri ilə özləri birbaşa əlaqə yaradırlar. Mənim fikrimcə, yaxın 5-10 ilə, ümumiyyətlə, nə turagentə, nə də turoperatora heç bir ehtiyac qalmayacaq. Yalnız o turoperatorlar bazarda fəaliyyət göstərəcək ki, onların özlərinin həm nəqliyyat vasitələri, həm də mehmanxanaları olacaq».
   Həmsöhbətimiz qeyd edir ki, turistlərin səfər zamanı müxtəlif problemlərlə üz-üzə qalmaması üçün sığorta olunması vacibdir. Müştəriyə təqdim edilən turpaketin içərisində mütləq sığorta sənədi olmalıdır: «Amma bəzi hallarda bizim vətəndaşlar 10-15 manata qənaət etmək üçün sığorta olunmaqdan imtina edirlər. Bu da nəticədə onların səfər zamanı xəstələndikdə və yaxud hər hansı bir zədə aldıqda 200-300 manat ziyana düşməsinə səbəb olur. Sığorta olunduqda isə belə hallar yarandıqda turistlərin xərcləri çıxmır”.
   
   Şirkətlər iki yerə bölündükdə hərə öz sahəsinə uyğun rentabelli iş ortaya qoyacaq

   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, inkişaf etmiş ölkələrdə turizm müəssisələrinin turoperator və turagentə bölünməsi təcrübəsi mövcuddur: «Bütün şirkətlər turizm məhsulunun formalaşdırılması və satışı ilə məşğul ola bilməz. Qeyd olunan amilləri öz fəaliyyətində yalnız turoperator cəmləşdirə bilər. Turagent də onun bir ticarət agenti olub, hazır məhsulu satır. Türkiyədə bu bölgü daha çoxdur, orada üç bölgü var. Amma Azərbaycanda hələlik dünya təcrübəsinə uyğun olaraq turoperator və turagent fəaliyyəti ilə məşğul olan şirkətlər arasında bölgü aparılacaq».
   Bölgünün turizmin inkişafına təsirinə gəlincə, sektor müdiri bildirdi ki, buna qanun qüvvəyə mindikdən sonra, bu sahədə fəaliyyət göstərən turoperator və turagentlərin işinin nəticəsi olaraq qiymət vermək olar.

   Fəxriyyə Abdullayeva