Dünyanın ən böyük kruiz gəmisi gələn il reysə çıxacaq...
“Royal Caribbean International” şirkəti (mənzil-qərargahı ABŞ-də, Mayami şəhərində yerləşir) dünyanın ən böyük “Icon of the Seas” (“Dənizlərin simvolu”) adlı kruiz gəmisinin nümayiş olunduğu videoçarxı təqdim edib.
Uzunluğu 365 metr, ağırlığı (su tutumu) 250 min ton olan gəmidə 2805 kayut olacaq ki, onların hər birində iki nəfər olmaqla, gəmidə cəmi 5610 nəfər yerləşə biləcək. Bundan əlavə, gəminin ekipaj heyəti 2350 nəfər nəzərdə tutulub.
“Icon of the Seas”ın nə qədər böyük olduğunu diqqətə çatdırmaq üçün qeyd edə bilərik ki, bir əsr əvvəl dünyanın ən böyük sərnişin gəmisi olmuş “Titanik”in uzunluğu 269 metr, ağırlığı 52 min ton, sərnişin tutumu 2440 nəfər (o cümlədən 900 nəfər ekipaj) olub.
“Icon of the Seas”ın ümumilikdə 20 göyərtəsində (mərtəbə və sektorlar üzrə) 40 restoran olacaq. Fəvvarəli konsert zalı da nəzərdə tutulub. Gəmi 7 hovuz və 6 su sürüşməsi ilə təchiz olunacaq. “Icon of the Seas”də həmçinin gəmilər arasında ən hündür şəlalə, ən yüksək su sürüşməsi, ən böyük su parkı və ilk asma mənzərə hovuzu da olacaq.
2023-cü ilin iyununda gəmi dəniz sınaqlarının birinci mərhələsinə başlayıb. Plana uyğun olaraq gəmi 2024-cü ildə Mayami limanından Karib dənizinə ilk kruizə çıxacaq.