İyunun 30-dan iyulun 9-dək Riqada Avropanın ən qədim tarixə malik festivallarından biri – Latviyanın Milli mahnı və rəqs festivalı keçirilib. 1873-cü ildə əsası qoyulan və beş ildən bir keçirilən festival 150-ci ildönümündə ölkənin 43 bölgəsindən 40 min insanı bir araya gətirib. On gün ərzində 60-dan çox tədbir təşkil olunub.
Festival tarixində ilk dəfə Latviyada fəaliyyət göstərən və Ancela Cəfərovanın rəhbərlik etdiyi “Buta” Azərbaycan rəqs qrupu da iştirak edib.
İyulun 2-də festival iştirakçılarının Riqa şəhərində təntənəli keçidi olub. “Buta” rəqs qrupu da milli geyimdə keçidə qatılıb.
İyulun 6-da “Buta” rəqs qrupu Riqadakı Vermanes bağında keçirilən “Xalqlar günü” konsertində çıxış edib. Qrupun üzvləri Azərbaycan və Latviyanın dövlət bayraqları ilə səhnəyə çıxaraq “Uzundərə”, “Sarı gəlin”, “Qaval” və “Kəlağayı” rəqslərimizi məharətlə təqdim ediblər. Festivalda ilk dəfə təqdim olunan Azərbaycan milli rəqsləri çoxsaylı tamaşaçılar tərəfindən böyük marağa səbəb olub.
Qeyd edək ki, festival 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri elan olunub və Latviyanın ölkə səviyyəsində geniş şəkildə qeyd olunan ən məşhur ənənəvi bayramı sayılır.