Xəbər verdiyimiz kimi, Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı 1-9 iyul tarixlərində Bakıda qastrol səfərində oldu.

Qastrol səfəri “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökuməti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdı. Qonaq teatrın tamaşaları Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunurdu.

Qastrol Mixail Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başladı. Tamaşaçıların diqqət və marağı nəzərə alınaraq bu səhnə əsəri 4 iyulda təkrar nümayiş olundu. Bundan əlavə, ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası da proqramdan fərqli olaraq, iki dəfə – iyulun 5-də və 8-də təqdim edildi.

6-7 iyulda isə tamaşaçılar əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramını izlədilər. Vadim Danzigerin quruluş verdiyi səhnə əsəri müğənninin həyatındakı son məhəbbətdən bəhs edən parlaq emosional tamaşadır. Baş rolun ifaçısı Natalya Ovçinnikova Edif Piaf obrazını ustalıqla yaradıb. Əvvəlki tamaşalarda baş qəhrəmanların obrazlarını heyrətamiz şəkildə təcəssüm etdirən aktrisa bu dəfə də diqqət çəkib. Aktrisa özünü tamamilə tamaşanın aurasına qərq edərək Piafın xarakterik yerişi, jestləri və özünəməxsus təbəssümü, ağır xarakteri və emosionallığını nümayiş etdirə bilib. N.Ovçinnikova heyrətamiz emosional ifası ilə bərabər, həm də Edit Piafın mahnılarını fransız dilində canlı oxuyub. Bu rol üçün o, Edit Piafa xas olan unikal tembr və tonları tapmaq prosesində müxtəlif üsullardan istifadə edən vokal müəllimi ilə xüsusi məşq də edib. Tamaşa sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Vladivostok teatrının (bədii rəhbər Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) Bakı qastrolu yaradıcı kollektivin Rusiyadan kənarda ən irimiqyaslı qastrol səfəri hesab olunur. Səfər iyulun 9-da rus yazıçısı Valentin Pikulun “Kreyserlər” tarixi romanı əsasında hazırlanmış eyniadlı tamaşa ilə başa çatıb.

Lalə