Günortanın istisidir. Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzindəyəm Mərkəzin uzun dəhlizi ilə addımladıqca qapılardan fərqli musiqi alətlərində səslər gəlir. Məni direktor Ramiz Ramazanovun otağına aparan əməkdaşdan “Burada dərslər də olur? Axı tətildir” deyə soruşuram. Bildirir ki, ansambllar, musiqi qrupları tez-tez məşq edirlər, qarşıdakı tədbirlərə hazırlaşırlar. Taybatay açıq qapı önündə dayanırıq və bələdçim sağollaşıb gedir...
Quba “Könüllülər teatrı”nın məşqi gedir. Dördlük nəyisə qızğın müzakirə edir, Ramiz müəllim mizan verir. Onunla üz-üzə dayanan həvəskar aktyor özünəməxsus əda ilə “Müəllim, gərək bu sözdən sonra ayaq verə də mənə” deyib tərəf-müqabilinin replikasını kəsir. O da “Mətni əzbərləyəndən sonra hamısı olacaq” deyib gülümsünür...
Ramiz müəllim “Səbirli olun, bu hələ “oxunuş”du. Səhnədə məşqdə hamısı yerində olacaq. Hə, təzədən Hökmdarın şairin evinə girişi ilə başla. Üz-gözünü də turşutma, zabitə ver” deyir.
Bir neçə dəqiqədən sonra məşqdə fasilə elan edilir və mən həvəskarları söhbətə tuturam. Könüllü teatrın çoxdan hövsələsi daralan balaca aktyoru tez anasının əlini dartıb hamımızın eşidəcəyi “pıçıltı” ilə “Qonaq gəldi, o danışana qədər mən gedib çöldə oynaya bilərəm?” sual-icazəsi istədi. Uşaq anasına, anası da tamaşanın rejissoru Ramiz müəllimə baxdı. Balacanı intizarda saxlamadan nəzərləri ilə “hə” deyən Ramiz Ramazanov söhbətinə Quba “Könüllülər teatrı” ilə başladı:
– Bildiyiniz kimi, Qubada zəngin repertuarı və yaradıcılıq yolu olan dövlət teatrı olub və ötən əsrin ortalarında özünün parlaq dövrünü yaşayıb. Sonra bir sıra rayon teatrları kimi onun da fəaliyyətinə xitam verilib. Mən də əksər qubalılar kimi bu teatrın nostalgiyasını yaşadım. Sonra Quba teatrı haqqında xatirələri, tarixi məlumatları toplayaraq geniş yazı hazırladım. Hətta vaxtilə bu teatrda çalışmış müqtədir sənətkarlarımızla görüşüb xatirələrini də dinlədim. Lakin bununla teatrın problemləri həllini tapmırdı, axı...
Biz mədəniyyət işçiləri bir araya gələrək Quba teatrını bürüyən ətalət buzunu əritməyə qəti qərar verdik. Qubada teatr sahəsində mövcud 30 illik durğunluğu nəhayət ki, 2019-cu ildə aradan qaldırdıq. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan “Biz Xocalıya qayıdacağıq!” adlı səhnə əsəri rayon tamaşaçılarına təqdim olundu. Bu tamaşadan ruhlanaraq biz teatr yaradıcılığını davam etdirməyi qərara aldıq. 2020-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsi Qubada teatr sənətinin inkişafına öz töhfəsini verdi. Müxtəlif sahələrdə çalışan, ayrı-ayrı yaş kateqoriyalarından olan həvəskarları dəvət etdik və beləliklə, “Könüllülər teatrı”nı yaratdıq. İlk tamaşa Cəlil Məmmədquluzadənin “Kamança” əsəri oldu. Tamaşa 2020-ci ilin fevral ayında nümayiş olundu. Artıq teatr truppası tam formalaşıb. İndi kollektiv bölgənin ayrı-ayrı rayonlarına qastrol səfərlərinə hazırlaşır, eyni zamanda yeni repertuar üzərində çalışır.
Əsas istəyimiz “xalq teatrı” statusu almaqdır
Ramiz Ramazanov deyir ki, hazırda əsas istəyimiz bu kollektivin “xalq teatrı” statusu almasıdır. Belə olduqda bizim fəaliyyətimiz daha da genişlənər. Əslində, bu statusu almaq üçün hələ pandemiyadan əvvəl müvafiq quruma müraciət etmişdik. Tamaşamız da hazır idi, gəlib baxacaqdılar. Sadəcə, araya karantin düşdü və o işlər yarımçıq qaldı. Buna baxmayaraq, durmadan çalışır, insanların teatr tələbatını ödəməyə, mədəni-kütləvi tədbirlərə teatr sığalı, səhnə düzümü verməyə çalışırıq.
Həmsöhbətim məşqi aparılan səhnə işi haqqında da məlumat verir. Deyir ki, “Nizami inciləri” teatrlaşdırılmış kompozisiyadan parçadır: “Mədəniyyət mərkəzinin nəzdində “Art” yaradıcılıq studiyamız da var. Studiya kiçik filmlər, videoçarxlar hazırlayır. Bu qəbildən olan işlərdən biri də N.Gəncəvinin “Kərpickəsən kişinin dastanı” qısametrajlı bədii filmidir. Biz həmçinin 1918-ci ilin soyqırımından bəhs edən “Quba faciəsi” sənədli filmini də hazırlamışıq və İctimai TV-də geniş tamaşaçı auditoriyasına təqdim olunub.
“Quba – multikultural diyar” və “Zəfər yazanlar” kitabları da bizim axtarışların nəticəsidir. Hazırda “Zəfər tacı” tamaşası üzərində məşqlər bitir. Biz, istər ayrı-ayrı dərnəklər, istərsə də teatr olaraq rayonumuzda səhnəyə sevgi və marağı saxlamağa çalışırıq”.
Ramiz müəllim sonra bayaqdan canfəşanlıqla məşq edən aktyorlarını təqdim edir və biz söhbətə onlarla davam edirik.
Təbib Əsgərov Yeni Güləzi kənd folklor klubunun mədəni təşkilatçısı, könüllülər teatrının da bədii rəhbəri və aktyorudur: “Tamaşalarda iştirak edən aktyorların çoxu, əslində, heç mədəniyyət sahəsində çalışmırlar. Sadəcə, maraq göstərirlər. Xüsusən də gənclər. İlkin təəssürat və maraq həvəskar gənc aktyorumuzu artıq Mədəniyyət və İncəsənət Universiteti Aktyorluq fakültəsinin tələbəsi etdi. Məncə, bu da bizim teatrımızın uğurudur.
Teatr elə bir yerdir ki, insan orada saflaşır, maariflənir, zövq və düşüncəsi də dəyişir. Biz də bunu nəzərə alaraq ümumən klassik nümunələr, kompozisiya, əsərlərdən irihəcmli parçalar hazırlayırıq”.
Gülnar Abdullayeva bayaqkı balaca aktyorun anasıdır, özü də Quba MKS-nin Güləzi kənd kitabxanasının filial müdiri, “Könüllülər teatrı”nın üzvüdür.
Deyir teatra uşaqlıqdan marağı olub: “Amma aktrisa olmaq mənə nəsib olmadı, kitabxanaçılıq üzrə təhsil aldım, sonra iş, ailə və qayğılar bir-birini üstələdi. Beləcə, səhnədə olmaq, insanların önündə çıxış etmək arzularım da ürəyimdə qubara çevrildi. Qəribədir, insan nəyisə ürəkdən istəyəndə gec-tez olur. Quba “Könüllər teatrı” da mənim könlümdə qalaqlanan arzularımı, işıqlı xəyallarımı gün üzünə çıxardı. Təsəvvür eləməzsiniz, mən hər səhnəyə çıxıb, epizodik də olsa, rol ifa edəndə necə xoşbəxt oluram. Elə bilirəm minlərlə insan mənə baxır, alqışlayır, sevir. Çox istərdim ki, mənim kimi saysız bu sahəyə marağı, sevgisi olan qadınlar üçün meydan verilsin, ən azı xalq teatrı olaq ki, sıralarımız da genişlənsin”.
“Tat təranələri qədim musiqi alətlərində səslənsin...”
Könlünü teatra verənlərin məşq fasiləsi bitdi. Elə mənim də onlarla görüşüm. Çünki bayaqdan qulağım yan otaqdan gələn kamanın dəf ilə harmoniyasında idi. “Könlüm düşdü diyar-diyar, Bir kəkliyin sorağına” mahnısının sədası məni arxasınca apardı...
İşıqlı balaca otağın ortasında dayanan yaşlı kişi gözlərini yumaraq oxuyurdu. Kamançaçı da öz dünyasında idi. Tez gözüm tarçalanı axtardı. Deyəsən, bu dəfə yük kamançanın üzərinə düşmüş, meydan ona verilmişdi. İfa bitdi, mənim kimi qapı ağzında dayanan 3-4 nəfər var gücü ilə alqışlamağa başladı. Bəyaz saçlarını barmaqlarını daraq edərək yana darayan ifaçı səhnədəymiş kimi təzim elədi. Dəfini masanın üzərinə qoyub əllərini bir-birinə sürtdü. Hiss olunurdu ki, ürəyi doludur: “Quba rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri, eyni zamanda xanəndə Seyfulla Ağayev. İllərdir ki, burada çalışıram və xalq musiqimizi, muğamlarımızı təbliğ edirəm. Bir də azsaylı xalqların folklor mahnı və musiqilərinin təbliği ilə məşğuluq. Muğamları, xalq musiqisini öyrənmək istəyən gənclərin sayı artıb. Gördüyünüz kimi, biz də burada sevə-sevə o gəncləri sənətlə tanış etməyə, bildiklərimizdən öyrətməyə çalışırıq. “Rast” adlı muğam üçlüyümüz də var. Bundan əlavə, “Tat” folklor klubu da var. Siz buradaykən qoyun, bir arzumu dilə gətirim, bəlkə reallaşar. “Tat” folklor klubundakı nənələrimiz o xalqın musiqisi, folkloru, adət-ənənələri, ümumən mədəni dəyərlərini yaşadıb yeni nəsillərə ötürürlər. Onlar bayatılar, müşayiətsiz xalq nəğmələrini oxuyurlar, biz də onlara qoşulub həmin mahnıları üçlüyün müşayiətində ərsəyə gətiririk. Çox istərdim ki, bu qədim və zəngin musiqilər, tat təranələri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında səslənsin və lentə alınsın. Axı zaman dayanmır və o nəğmələri bilən insanlar da dünyasını dəyişir...”.
Beşsimli kamançanın fərqi...
Üçlüyün kamançaçalanı Məmmədəli Cəfərov ömrünün 40 ilə yaxın bir dövrünü bu sənətə sərf edib. Onu söhbətə çəkmək elə də asan olmadı. İfa etdiyi kamançanı masanın üzərinə qoyub nə isə axtarmağa başladı. Bəlli oldu ki, ifa etdiyi öz aləti deyil. İsrarla divara söykənən qutunu göstərdi, “Mənim kamançam 5 simlidir, sadəcə, indi əlimin altında bu var idi, onda müşayiət etdim. Dayan, şəklimi öz kamançamla çək” deyib qutunu masanın üzərinə qoydu. Ən əziz adamına qovuşubmuş kimi kamanının çanaq hissəsini sığalladı. Onu söhbətə çəkmək üçün “Narahat olmayın, yəqin elə də böyük fərqi olmadı. Çünki ifanız çox gözəl idi” dedim. Kaş heç deməzdim. Qocaman musiqiçi olasan, qeyri-peşəkar rəyə əsəbiləşməyəsən. Sağ olsun, məni yanıltmadı və sonradan hamılıqla güləcəyimiz zarafatını elədi: “İstəyirdim məxsusi sənin üçün beşsimli ilə nə isə ifa edəm. Amma həvəsimi qırdın...” deyib kamanını yenidən qutusuna qoydu. Birtəhər könlünün alıb söhbətə tutdum.
Köks ötürərək “Bu yaxınlarda beşsimli kamança ilə bağlı xüsusi proqramım çıxacaq. Sən də deyirsən nə fərqi var? Saç-saqqal elə-belə ağarmadı, ay qızım. Rəhmətlik atam Nadir Quba Dövlət Dram Teatrında hələ gənc yaşında ikən bir sıra musiqili səhnə əsərlərində canlı müşayiət edib. Bu alətə sevgim də ondan qaynaqlanır. Atamın dayısı da kamançaçalan olub, ona da kamança çalmağı o öyrədib. Tarı da bizlərə rəhmətlik Şamil əmi sevdirdi. Onlar atamla, demək olar ki, həmyaşıd idilər. Mən də onlara baxa-baxa vuruldum bu sənətə. 40 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində çalışıram. Musiqi məktəbində də çalışmışam vaxtilə. Təəssüf ki, kamançaya indi əvvəlki kimi maraq çox deyil. Özüm kamança ilə yanaşı, klarnet, qarmon və skripkada da ifa edirəm. Hamısını da özüm öyrənmişəm”.
Həmsöhbətim sözlərini bitirib masanın çəkməcəsindən bir albom çıxardı. Ağ-qara şəkilli albomda müxtəlif illərin konsert, tədbir və səfərlərinin foto yaddaşı dilə gəldi...
Mədəniyyət mərkəzinin 77 filialı var
İndi isə mərkəzin direktoru Ramiz müəllimin otağındayam. Ondan mərkəzin fəaliyyəti haqqında qısa məlumat aldım. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi əvvəllər mədəniyyət evi kimi fəaliyyət göstərib və 2015-ci ildən mərkəz statusu alıb. 77 filialı özündə birləşdirir. Onlardan 4-ü mədəniyyət evi, 73-ü isə kənd və qəsəbə klublarıdır. Bu müəssisələrdən də 30-u xalq sənəti, sənətkarlıq, diyarşünaslı və folklor klubları olaraq profilləşdirilib.
Həmsöhbətim deyir ki, əsas missiyamız əhalinin asudə vaxtının səmərəli təşkili, eləcə də rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etməkdir: “Bölgədə yaşayan istedadların axtarılıb tapılması, sənətkarlıq növlərinin yaşadılması və təbliğatı da bizim çoxşaxəli fəaliyyət istiqamətlərimizdəndir. Ayrı-ayrı sənət və yaradıcılıq sahələrinə gəncləri cəlb etmək elə də asan deyil. İnanın ki, az qalırıq qapı-qapı gəzib, onları həvəsləndirib mərkəzə gətirək. Hazırda Qubada 20-dək xalqın nümayəndəsi yaşayır. Sözsüz ki, onların da özünəməxsus folkloru, adət-ənənəsi, mətbəxi, yəni mədəniyyəti var. Çalışırıq onların da yaşadılması üçün mütəmadi iş aparaq. Mədəniyyət Mərkəzi olaraq müxtəlif tədbirlərə onları cəlb edirik”.
Müxtəlif geyim və dekorlarla dolu otaqda gözüm divandakı uda sataşır. Hiss olunur ki, hansısa növbəti tədbirə hazırlıq var. Ramiz müəllim Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyindən xüsusi icazə ilə gətirdiyi eksponatları göstərərək kütləvi rayon tədbirinin ssenarisi haqqında qısaca danışır. Sonra sözümü yerə salmayıb udda “Şur” muğamından parçanı ifa edir. Bu an onun nə düşündüyünü aydın hiss etmək çətin olsa da, xoşbəxtliyi, alətin və musiqinin verdiyi məmnunluğu üz-gözündən oxunurdu.
Ramiz müəllimlə sağollaşıb kəndirbaz, qubalı sim pəhləvanı Amil Məmmədhüseynovla görüşə tələsdim...
Həmidə Nizamiqızı
Bakı-Quba-Bakı