Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi davam edir.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə iştirakçılar arasında keçirilən II mərhələ iki məntəqədə – Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbi və Ağdaş rayon Heydər Əliyev Mərkəzində reallaşıb.

3-4 iyul tarixlərində fortepiano ifaçılığı, akademik vokal, estrada oxuma, xor, aşıq sənəti və xanəndəlik nominasiyaları üzrə festivalın birinci mərhələsində uğurlu nəticə əldə etmiş iştirakçılar bacarıqlarını nümayiş etdiriblər.

5-6-7 iyul tarixlərində piano ifaçılığı, klassik simli alətlər ifaçılığı, solo milli rəqs, solo müasir rəqs, milli rəqs ansamblı, müasir rəqs ansamblı və bədii qiraət nominasiyaları üzrə bacarıqlarını göstəriblər.

***

Qarabağ RMİ-nin əhatə etdiyi rayonlar (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) üzrə iştirakçılar arasında keçirilən II mərhələ iki məntəqədə – Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzi və rayon Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində təşkil olunub.

Festivalın bu mərhələsində iştirakçılar piano ifaçılığı, klassik simli alətlər ifaçılığı, xalq çalğı alətləri ifaçılığı və s. nominasiyalar üzrə öz istedad və bacarıqlarını ortaya qoyublar.

***

Şirvan-Salyan RMİ-nin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə iştirakçılar arasında keçirilən II mərhələ Salyan Dövlət Kukla Teatrında reallaşıb.

Festivalın II mərhələsinin iştirakçıları artıq piano ifaçılığı, klassik simli alətlər ifaçılığı, xalq çalğı alətləri ifaçılığı, akademik vokal, estrada oxuma, həmçinin xanəndəlik sənəti və aşıq sənəti nominasiyaları üzrə mübarizə aparıblar.

İştirakçılar növbəti həftədə solo milli rəqs, milli rəqs ansamblı, aktyorluq, bədii qiraət, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə mübarizəyə qatılacaqlar.

Bu şəhər və rayonlardan festivalın II mərhələsinə ümumilikdə 206 nəfər vəsiqə qazanıb.

***

Qazax-Tovuz RMİ-nin əhatə etdiyi Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə iştirakçılar arasında keçirilən II mərhələ Tovuz rayon N.Gəncəvi adına Mədəniyyət evi və rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində təşkil olunub.

3-4 iyul tarixlərində 105 nəfər iştirakçı piano ifaçılığı, dekorativ-tətbiqi sənət, rəssamlıq, bədii qiraət nominasiyaları üzrə mübarizə aparıblar.

Qeyd edək ki, festivalın iyulun 3-də başlanan regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.

Hazırladı: N.Məmmədli