Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger 1884-cü il iyulun 7-də Münxen şəhərində anadan olub. Berlin və Münxen şəhərlərində filoloji təhsil alıb. Jurnalistika və teatr tənqidi ilə məşğul olub. Fəlsəfə elmləri doktoru adını alıb.
   1933-cü ildə faşistlərin Almaniyada hakimiyyətə gəlməsindən sonra Fransaya mühacirət edərək orada yaşayıb. Feyxtvanger beynəlxalq mədəniyyəti müdafiə hərəkatında iştirak edib, B.Brext və B.Bredel ilə birgə 1936-1939-cu illərdə Moskvada almanca nəşr olunan “Söz” (Das Vort) jurnalının redaktoru olub, “Moskva - 1937” kitabını yazıb.
   1940-cı ildə Fransa hökumətinin mürtəce siyasətini tənqid etdiyinə görə həbs düşərgəsinə salınıb, alman qoşunları Fransanı işğal edərkən çətinliklə xilas olub.
   Feyxtvangerin “Hərbi əsirlər” (1918), “Sülh” (1918) şeirlərində, həmçinin “Gözləmə zalı” trilogiyasında, “Müvəffəqiyyət” (1930) “Oppenheymlər ailəsi” (1933), “Sürgün” (1939), “Lautenzak qardaşları” (1943) romanlarında faşizm ifşa olunur.
   Yazıçının “Yəhudi Zyuss” (1925) pyesində, “Eybəcər hersoginya” (1923) və s. tarixi romanlarında xalq kütlələrinin rolu, sosial tərəqqinin inqilabi formaları şübhə altına alınır. “Yəhudi müharibələri” (1932), “Oğullar” (1935), “Gün gələcək” (1942) trilogiyası, ”Yalançı Neron” (1936) dovrün mütərəqqi ictimai-siyasi ideyaları ilə səsləşirdi.
   Yazıçının məşhur əsərləri sırasında böyük ispan rəssamına həsr olunmuş “Qoyya, yaxud idrakın məşəqqətli yolu” (1952), “Qəribə adamın müdrikliyi, yaxud Jan Jak Russonun ölümü və ölməzliyi” (1952) romanlarını qeyd etmək olar. Feyxtvangerin bir çox əsərləri ekranlaşdırılıb.
   Ömrünün son illərini ABŞ-da keçirən yazıçı 1958-ci il dekabrın 21-də Los-Anceles şəhərində vəfat edib.

   Çingiz