Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 5-15 iyul tarixlərində Gürcüstanın Ozurgeti şəhərində keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında iştirak edib. Festivala İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan da teatrlar qatılıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır. Rolları Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova oynayırlar. Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Tamaşa müharibədə yaralanan və kürəyinə batmış küknar ağacı ilə qayıdan əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır. Baş qəhrəman yaralanmağına, müharibədə çəkdiyi bütün əzablara baxmayaraq, təbiətlə ahəngdə yaşayır, Yaradana qayıdış yolunu tapır. Yaşatmaq missiyalı insan müharibələrin vurduğu yaraları belə sağaltmaq istəyir.

Səhnə əsəri böyük maraqla və alqışlarla qarşılanıb.