“Webb” teleskopu “Yaradılış sütunları”nın detallı fotosunu çəkib
ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası – NASA-nın “James Webb” kosmik teleskopu “Yaradılış sütunları”nın detallı fotoşəkilini çəkib.
Yer kürəsinə təxminən 6 min 600 işıq ili uzaqlıqda olan “Yaradılış sütunları”nın ulduzlararası qaz və tozdan ibarət olan görüntüsü astronomların böyük marağına səbəb olub. Sütunlara bənzəyən bu əsrarəngiz kosmik hadisə 5 işıq ili uzunluğunda olan nəhəng toz buludları şəklindədir. Fotoşəkildə arxa planda boz rəngdə qalın toz bölgələri görünür, üfüq işıqlarına bənzəyən qırmızı hissədə isə dağınıq qaz dumanı var.
Astronomlar bildirirlər ki, sütunların içərisində minlərlə ulduzun parlamasına baxmayaraq, onları yalnız yaxından və xüsusi cihaz vasitəsilə müşahidə etmək mümkündür. Mavi ulduzların isə qaz və toz dumanına səpələnmiş köhnə göy cisimləri olduğu aşkar edilib. Onların parıltısını görmək çox çətindir.
Alimlər çoxlu ulduzların olduğu “Yaradılış sütunları”nın yeni və detallı fotoşəkilini təhlil edərək belə qənaətə gəliblər ki, bu görüntü onların milyonlarla il davam edən yaranması və məhv olması prosesini öyrənməyə kömək edə bilər.
“Yaradılış sütunları” ilk dəfə 1995-ci və 2014-cü illərdə “Hubble” teleskopu tərəfindən qeydə alınıb, sonra 2022-ci ildə “James Webb” teleskopu onun fotoşəkilini çəkib.