Tərtibat işləri yeni konsepsiyaya uyğun aparılır

 

Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan zəngin kolleksiyanın ictimaiyyətə daha yaxşı təqdim edilməsi məqsədilə yeni ekspozisiya qurulur. Aparılan tərtibat işləri barədə məlumat almaq üçün muzeyi ziyarət etdik.

Xronologiyaya əməl edilməklə qurulan ekspozisiya ilə tanışlıq zamanı muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə bizə bələdçilik etdi, yeniliklər barədə məlumat verdi.

Muzeyin birinci mərtəbəsində yerləşən ekspozisiya zalında ardıcıllıqla Daş, Paleolit, Neolit, Eneolit, Tunc və Dəmir dövrlərinə aid eksponatlar (çaxmaqdaşı və dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, qadın bəzək əşyaları və s.) müvafiq bölmələr üzrə yerləşdirilib.

Biz də xronologiyaya uyğun olaraq, tanışlığa Daş dövrü bölməsindən başlayırıq. Nasir müəllim bildirir ki, eksponatlar yerləşdirilməzdən əvvəl tematik plan hazırlanaraq təkliflər verilib. Təkliflər ondan ibarət idi ki, müasir dövrdə Azərbaycan tarixində qəbul olunmuş konsepsiya və əsas ümumi müddəalar nəzərə alınsın. Bu gün bizim üçün Qarabağın maddi mədəniyyəti, dövlətçilik tariximiz və s. təbliği prioritetdir. Arxeoloji materialların nümayişində də bu iki əsas məqamı nəzərdə saxlamışıq. Ekspozisiyada Azıx mağarasından tapılan materiallar və Azıx adamının alt çənə sümüyü diqqət çəkir. Çənənin əsli xüsusi fondda qorunsa da, ikinci nüsxəni ziyarətçilər burada görə biləcəklər. Xüsusi fondda qorunan çənə tədqiqatçı alimlərə lazım olduğunda açıla bilər.

Ekspozisiyada nümayiş olunan Azıx və Tağlar mağaralarından tapılan nümunələrin isə tam orijinalı ilə tanış olmaq mümkündür.

Alim deyir ki, tamaşaçılar burada Qazax və Naxçıvan ərazisinə məxsus eksponatlarla da rastlaşa biləcəklər. Bütün eksponatlar Daş dövrünün təsərrüfat və məişətini, memarlıq və əlaqələrini, ideoloji təsəvvürlərini göstərir. Onların sırasında kəllə sümüyü xüsusilə diqqəti çəkir. Dəlik açılmış kəllə unikal nümunədir. V minilliyə aid olan nümunə Azərbaycan ərazisində 1984-cü ildə mərhum arxeoloq İdeal Nərimanov tərəfindən aşkarlanıb. Sümükdəki dəlik məqsədyönlü şəkildə açılıb. Ümumiyyətlə, tapılan kəllələrdə dəlik zərbədən və digər səbəblərdən olar bilər. Bu sümükdə olan dəliyin daş alət, cızma və eşmə üsullarla açıldığını görmək mümkündür.

Ekspozisiyada müxtəlif mədəniyyətlərə aid küplərə rast gəlirik. Bu bölmə üçün 1557 eksponat seçilib və bunlardan 1469-u sərgilənir, yəni nümayiş üçün hazırdır. Burada eksponatların vitrin annotasiyalarının hazırlandığını gördük.

Qeyd edək ki, yeni ekspozisiya muzeyin əməkdaşları tərəfindən hazırlanıb. Vitrinlər hazırlanarkən yerli mütəxəssislərin təklif və tövsiyələri də nəzərə alınıb. Bu məqamda eksponatların yeri, dizaynı məsələsi də əhəmiyyət kəsb edir. Dövr, məkan funksionallıq baxımından bir-biri ilə uzlaşmalıdır.

İndi isə Tunc dövrü bölməsindəyik. Buradakı eksponatların hər biri sanki öz nağılını danışır. Çox böyük bir küp diqqətimizi çəkir. Öyrənirik ki, vaxtilə bu küpdən yerə basdırılmış vəziyyətdə taxıl məhsullarının saxlanılması üçün istifadə olunub.

Erkən Dəmir dövrünü sərgiləyən bölmədə daş məmulatları metal əvəzləyir. Antik və Orta əsrlər dövrü zalında Azərbaycan ərazilərində mövcud olmuş Albaniya və Atropatena dövlətlərinin numizmatika nümunələri, hərbi ləvazimatlar, küp qəbirlər diqqəti cəlb edir. Gəlmə və yerli mədəniyyətə aid eksponatlar həmin dövrün miqrasiyasını, mövcud olmuş beynəlxalq əlaqələri əks etdirir. 

Bələdçimiz deyir ki, sərgilənəcək taxta qutu qəbirlər bizim eranın I əsrindən VII əsrinə qədər Mingəçevir ərazisində daha çox geniş yayılıb. Bu eksponatı orijinal görmək, məncə, hər bir ziyarətçi üçün maraqlı olacaq. Həmin dövrün insanlarının dini görüşlərini, dəfn adətlərini təsəvvür etməyə imkan verir. Biz o dövrün 8 dəfn növünün dördünə (taxta, təknə, katakomba və küp) sərgidə rast gəlirik.

Ekspozisiyada zinət əşyaları, Süleyman daşı (qranat) və əqiq qaşlı qızıl və gümüş bəzək əşyaları da ən dəyərli nümunələrdəndir. Ərəb xilafəti dövrünü əhatə edən eksponatlar da diqqəti cəlb edir.

Səlcuqlular dövrünün keramika mədəniyyətinə nəzər salırıq. Ekspozisiyada dövrün görkəmli hökmdar və sərkərdələrinin portretlərinə də rast gəlirik. Onu da qeyd edim ki, sərgilənən nümunələrin hər biri oxunub, mahiyyəti və dövrü müəyyən olunub. Nasir müəllim bəzisinin üzərində dua, bəzisinin mənzum şeir, bəzisinin də isə hətta cadu yazılan qab olduğunu da deyir. Monqol qəbrindən tapılan xalat da maraqlıdır. Vaxtilə Monqolustana gəlmiş muzey əməkdaşları bu eksponatın mulyajını öz ölkələrinə aparıblar. Ekspozisiyada hər bir eksponat unikallığı ilə seçilir. Orta əsrlərə qədər gəlib çıxan ekspozisiya Azərbaycan tarixinin Xanlıqlar dövrü ilə bitir.

Diqqətimi daha bir guşə – “Batmış şəhərlər” çəkir. Bələdçimiz deyir ki, bu hissədə 1968-1986-cı illərdə muzeyin tərkibində təşkil edilən sualtı arxeoloji ekspedisiyanın (bura muzeyin əməkdaşları və başqa qurumlardan mütəxəssislər daxil idi) 20 il ərzində Xəzər akvatoriyasında apardığı axtarışlar zamanı aşkar edilən nümunələr təqdim olunur.

***

Qeyd edək ki, muzeyin yeni ekspozisiyası 2 mərtəbədən ibarət olacaq. Ekspozisiyada materiallar arxeologiya, etnoqrafiya, elm, mədəniyyət, Cümhuriyyət dövrü, Heydər Əliyevin hakimiyyət illəri, 44 günlük Vətən müharibəsi bölmələri üzrə yerləşdiriləcək.

Ekspozisiyanın qurulması prosesində muzeyin rəhbərliyi və bir sıra əməkdaşları tərəfindən işıq və rəng amili, müasir texniki avadanlıqlardan istifadə qaydaları və xüsusi olaraq eksponatların təqdimatının estetik prinsipləri ilə bağlı müzakirələr aparılır, muzey işi sahəsində mövcud meyarlar tələb olunur.

Muzeydə olduğumuz zaman Sovet dövrünü əhatə edən Azərbaycan incəsənəti, təhsil və elm, mətbuat və ədəbiyyat vitrinlərinə aidiyyəti üzrə eksponatlar yerləşdirilirdi. 

Digər ekspozisiya zalı isə XIX əsrin II yarısından günümüzədək olan dövrün etnoqrafik materiallarını əhatə edir. Bu zalda xalça məmulatları, milli geyimlər, məişət əşyaları və s. yer alacaq. Birinci mərtəbədə yerləşən ekspozisiyada işlərin böyük hissəsi tamamlanıb. Ziyarətçilərin marağına səbəb olacaq ekspozisiya ölkəmizin tarixi-mədəni zənginliklərinin təbliği baxımından əlverişli imkan yaradacaq. Ekspozisiyanın yaxın gələcəkdə ziyarətçilərin ixtiyarına verilməsi planlaşdırılır.

Lalə Azəri