Kimlərdən və nələrdən “danışır”?
Azərbaycan heyəltaraşlığının zəngin tarixi və özünəməxsus ənənələri var. Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov, Mirəli Mirqasımov, Tokay Məmmədov, Ömər Eldarov, Natiq Əliyev, Fuad Salayev, Fazil Nəcəfov, Akif Əsgərov, Səlhab Məmmədov, Əli İbadullayev, İmran Mehdiyev, Azad Zeynalov və başqaları ölkəmizdə bu sənətin formalaşması və inkişafında mühüm rol oynayıblar. Bir sıra heykəltaraşlarımızın ərsəyə gətirdikləri abidələr Azərbaycanla yanaşı, xarici ölkələrdə də qoyulmuş, ədəbi-mədəni keçmişimizin tanıtımına töhfə verib.
Müasir Azərbaycan heykəltaraşlığı müxtəlif sənət üslubları, istiqamətləri üzrə inkişaf edir, bu sahənin ideya-estetik baxımdan zənginliyinə əlavə rəng qatır. Amerika mütəfəkkiri R.Emerson yazırdı: “İdeyalar yaxşı və güclü insanların iradəsi ilə həyata keçməlidir, yoxsa o xəyaldan başqa bir şey olmayacaq”. Bəli, sənətdə iz açan ideyalar da istedad və iradənin məhsuludur.
Bu yazıda biz gənc heykəltaraşlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirmələri Namiq Hüseynov və Kənan Əliyevin “Danışan” əllər” layihəsi barədə söz açacağıq. Bəs bu əllər nədən və kimdən “danışır”?
Ümumiyyətlə, əllər şüurla birləşdikdə gücə sahib olur. Əli yönləndirən şüurdur. Əllərdə baş verən hallar nəinki sahibinin sağlamlıq durumunun göstəricisi olmaqla yanaşı, əl quruluşu onun sahibinin hansı peşə ilə məşğul olduğunu nümayiş etdirir.
Gənclərin layihəsində hansı əllər heykələ döndü? Hansı əllər “danışmağa” başladı”? Bu emalatxanada bütün əllər “danışır”. Musiqidən, rəssamlıqdan, rəqsdən, həkimlikdən, tarixdən, siyasətdən, 44 günlük Vətən müharibəsindən...
Layihənin yaranma səbəbi 44 günlük Vətən müharibəsində birliyimizin və gücümüzün simvoluna çevrilən “Dəmir yumruq” oldu. Bütün Azərbaycan xalqı bir yumruq ətrafında birləşdi. Kənan Əliyev və Namiq Hüseynov da müasir tariximizin bu şanlı səhifəsini sənətin dilində fərqli formada təqdim etməyə çalışdılar.
Emalatxanadakı bütün əllər abidələrinə diqqət yetirdikdə onların hər birinin öz sahibinin məsləyinin ab-havasını ötürdüyünü hiss etmək olur. Bu nümunələrdə əl sahiblərinin enerjisini də duymaq mümkündür.
Heykəltaraşlar ilk olaraq Vətən müharibəsinin bir neçə qəhrəmanının əllərinin surətini çıxarıblar. Onlardan biri müharibə zamanı əlini bilək hissədən itirib. Digər qazimizin silahla işləyən bir barmağı qalıb.
Milli Qəhrəman, polkovnik Sahil Məmmədov layihə haqqında öz təəssüratlarını bölüşərək, bu nümunələrin gələcəkdə muzeylərdə özünə yer tapacağını və müxtəlif sərgilərdə nümayiş olunacağını bildirib.
Vətən Müharibəsi Qəhrəmanları mayor Şahin Hüseynquliyev, kapitan Nicad Bədəlov, Milli Qəhrəman Fariz Qəhrəmanov və digər tarix yazan igidlərimiz də bu layihənin iştirakçısı olublar.
Layihədə Azərbaycan mədəniyyətinin görkəmli simalarına daha geniş yer verilib. Tanınmış teatr və kino xadimləri Şəfiqə Məmmədova, Hacı İsmayılov, Rasim Balayev, Fəxrəddin Manafov və başqalarının da əlləri abidəyə çevrilib. Sevilən aktyorumuz Hacı İsmayılov layihənin xatirə kitabına bunları qeyd edib: “İnsan əlləri çox qəribə möcüzələrə malikdir. Heç təsadüfi deyil ki, belə bir kəlam var, “Əllərinizə sağlıq”. Bu əllərin, bu barmaqların sayəsində dahi Nizami, Füzuli öz ölməz əsərlərini qələmə almışlar. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli o əllərin sayəsində özünün ölməz əsərlərini yaratmışdır”.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri Ömər Eldarov, Natiq Əliyev, Arif Əziz, Sakit Məmmədov, Fərhad Xəlilov, Tofiq Ağababayev və başqalarının möcüzələr yaradan əlləri heykələ çevrilib. Tanınmış memarlar Elbay Qasımzadə, Elxan Əsədov və digərlərinin ustad əllərinin surəti çıxarılıb. Memarlar İttifaqının sədri Elbay Qasımzadə layihə ilə bağlı təəssüratlarını bölüşərkən “Maraqlı layihədir. Bu gün mahiyyəti bəlkə anlaşılmasa da, gələcək üçün faydalıdır”, – deyə bildirib.
“Danışan” əllər” arasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən Anar, Elçin, Çingiz Abdullayev, Nəriman Həsənzadə, Ramiz Rövşən, musiqi xadimləri Tofiq Bakıxanov, Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli, Azər Zeynalov, Alim Qasımov, Mübariz Tağıyev, Niyaməddin Musayev, Arif Babayev, Səkinə İsmayılova, Ramiz Quliyev, kino xadimləri Oqtay Mirqasımov, Vaqif Mustafayev və başqalarının da əl izləri var.
Bu fərqli sənət sahələrini təmsil edən insanların əllərinin əks olunduğu nümunələr bizə onların yaradıcılıq dünyasının cizgilərini görmək, hiss etmək imkanı yaradır.
Vətənə xidmət, onun uğrunda mübarizə aparmaq təkcə ön cəbhədə, döyüş meydanında olmur. Layihənin iştirakçısı olan beynəlxalq qrosmeyster Aynur Sofiyeva “Danışan” əllər” layihəsi haqqında deyib: “Çox maraqlı və dərin məna daşıyan layihənizdə mənə də yer ayırdığınız üçün çox xoşbəxtəm. “Danışan” əllər” Azərbaycanın şərəf tarixini nümayiş etdirir”.
Əslən Azərbaycandan olan, xaricdə yaşayıb təəssübümüzü çəkən, haqq səsimizi beynəlxalq aləmə çatdıran insanların da əllərinin surətlərinə rast gəlmək olur. Bu sırada Mixail Qusman, Reza Deqati, Hulusi Kılıç, Arzu Ənvər, Bədrəddin Dalan və başqalarını qeyd edə bilərik.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə “Danışan” əllər” layihəsi çərçivəsində “Nine Senses” yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzində Kənan Əliyev və Namiq Hüseynovun “Əldən-ələ, dahidən dahiyə: 100” adlı sərgisi təşkil olunub. Zərif əllərinin surəti ilə bu sərgidə yer alan Leyla Əliyeva layihəni qiymətləndirərək xatirə dəftərinə ürək sözlərini qeyd edib...
Beləliklə, “Danışan” əllər” dahilərdən, sənətkarlardan, məşhurlardan və demək olar, bütün sahələrdən “danışır”. Namiq Hüseynov və Kənan Əliyevin müəllifi olduqları bu ideyanın “Dəmir yumruq” ətrafında birləşib genişlənəcəyinə inanırıq. Gənc heykəltaraşlara yeni yaradıcılıq uğurları arzulayırıq.
Səkinə Bağırova
rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru