Mədəniyyət paytaxtımızda ilk söz-sənət bayramı mətbuatda necə işıqlandırılmışdı?

 

Xəbər verdiyimiz kimi, iyulun 14-15-də Şuşada növbəti Vaqif Poeziya Günləri keçiriləcək. Əsası 1982-ci ildə qoyulan bu tədbir Qarabağın, Şuşanın qara günləri başlayana qədər hər il əsl söz-sənət bayramı kimi mədəniyyət tariximizə yazılıb.

Bəs 41 il əvvəl (29 iyul 1982-ci il) Şuşada ilk dəfə təşkil olunan bu tədbir o dövrün mətbuatında necə əks olunmuşdu?  “Kommunist” qəzetinin 3 avqust 1982-ci il tarixli sayında dərc olunan “Azәrinform”un (indiki AZƏRTAC) müxbirlərinin reportajına nəzər salaq...

***

Şuşada poeziya bayramı

 

Öz nəğməsinə əbədi həyat arzulamış Molla Pənah Vaqifin bu sözləri əsrləri aşaraq  bizlərə çatmışdır. Bu gün biz tam əsasla deyə bilərik ki, böyük şairin arzusu həyata keçmişdir. Onun insan gözəlliyini, insan iradəsinin əzəmətini, xeyirə və ədalətə məhəbbəti, xalqlar arasında dostluğu və qardaşlığı tərənnüm edən gözəl rübabı adamlara gərəkdir, deməli, ölməzdir. Şairin özü kimi ölməzdir. Xalq ilə yaşayanlara ölüm yoxdur! Vaqif şeirlərinin əbədiliyi, solmazlığı, xalqın öz şairinə məhəbbəti yenidən parlaq şəkildə təsdiq edilmişdir. İlhamlı şairin qırx ildən çox yaşayıb-yaratdığı qədim Şuşada Vaqif poeziyası günləri – Azərbaycanda ənənəyə çevriləcək poeziya festivalı keçirilmişdir.

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi H.Ə.Əliyev, Azərbaycan KP MK bürosunun üzvləri, respublikanın mədəniyyət və elm xadimlərinin böyük bir qrupu poeziya bayramına gəlmişdilər.

Xalq içərisində Şuşanı haqlı olaraq musiqinin və poeziyanın beşiyi sayırlar. Şuşalıları mahnısız, nəğməsiz təsəvvür etmək çətindir. S.Yesenin azərbaycanlı dostlarının söylədikləri xalq nağılına istinad edərək, məktublarından birində yazmışdı: “Əgər sən mahnı oxumursansa, deməli, şuşalı deyilsən”. Bu dağlar diyarının mahnılarının şöhrətini sanki təsdiq edərək Şuşa üzərində Vaqifin məşhur “Durnalar” qoşması, xalq mahnısı “Qarabağ şikəstəsi” ətrafa yayıldı. Minlərlə adam müğənnilərin, orkestrlərin səsinə səs verdi. Sanki həmin gün bütün Şuşa, şəhərin qonaqları Vaqifin görüşünə gəlmişdilər. Küçələr, ətrafdakı yaşıl təpələr adamla dolu idi. Şairin hər birimiz üçün əziz olan adı yazılmış məqbərəyə gedən yolboyu adamlar canlı dəhliz yaratmışdı.

Lap bu yaxınlarda, ilin əvvəlində Vaqifin adı ilə əbədi bağlı olan Qarabağ torpağında bu əzəmətli xatirə kompleksinin təntənəli açılışı olmuşdu. Bu kompleks şairin ölməzliyinin və şöhrətinin sübutudur. O zaman, qarlı yanvar günlərində yollar və çığırlar buz bağlamışdı, ətrafda hər şey ağ don geymişdi. İndi isə səma mavidir, ətraf mənzərə Vaqifin özünün şeirləri kimi əlvan boyalarla zəngindir.

Məqbərəyə doğru uzanıb gedən qranit pillələr tribunanı əvəz etdi. Poeziya festivalını Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi İsmayıl Şıxlı açdı.

O dedi: Vaqifin vətəni şairin söz və saz diyarı, şairanə dastanlar və laylalar beşiyi olan Qazaxın Salahlı kəndidir. Xalq poeziyasının bütün gözəlliyini şair məhz orada duymuş, onun həyatverici çeşməsindən orada su içmişdir. Lakin onun istedadı uzun illər ömür sürdüyü Şuşada, Qarabağın bu incisində həqiqətən bərkimiş, pərvazlanmışdır.

Vaqif yaradıçılığı solmazdır, unudulmazdır. Axı klassik şeirimizdə Azərbaycan ədəbi dilində əsl inqilab məhz onunla başlanır. Canlı xalq dilini poeziyaya ilk dəfə o gətirmiş, bu dilin bütun rəngarəngliyindən, oynaqlığından və gözəlliyindən məharətlə o istifadə etmişdir. Xalqla ona aydın və yaxın olan dildə ilk dəfə Vaqif şeiri danışmışdır.

Şuşa xanının sarayında yaşasa da, Vaqif xalqa yaxın olmuşdur. Şair xalqın ehtiyaclarına, qüssəsinə və kədərinə bələd idi, onun dərdinə ürəkdən yanırdı və şairin bir çox mahnılarını doğuran da məhz bu yanğı idi.

Vaqif Azərbaycan tarixinə görkəmli dövlət xadimi kimi də daxil olmuşdur. O, Qarabağ xanlığının vəziri olarkən Rusiya ilə yaxınlaşmaq üçün çox işlər görmüşdür. O, xalqı tərəqqiyə, maarifə çatdırmağın, doğma torpağı yadelli işğalçıların daimi hədələrindən xilas etməyin yeganə yolunu müdrikcəsinə bu yaxınlıqda görurdü.

Azərbaycan yazıçıları, respublikanın bütün bədii ziyalıları adından İ.Şıxlı xalqın yaradıcı irsinin əbədiləşdirilməsinə daim qayğı və diqqət yetirilməsi üçün, bunun parlaq sübutu olan Vaqif poeziyasının indiki bayramı üçün Azərbaycan KP MK-ya və Azərbaycan SSR hökumətinə dərin minnətdarlığını bildirdi.

Alovlu vətənpərvər, doğma diyarının atəşin nəğməkarı olan Vaqif həm də beynəlmiləlçi şair idi. Zülmətli, lakin fanatizm illərində qanlı daxili qırğınlar zamanı o, həmişə xalqlar dostluğunun carçısı kimi çıxış edirdi. Əlamətdar haldır ki, Vaqifin adı ilə nurlanan poeziya bayramında da şeirlər üç dildə – Azərbaycan, rus və erməni dilində səslənirdi.

Qasım Qasımzadə, bayrama toplaşanlara Hüseyn Çavid diyarından salam yetirən Naxşıvan şairəsi Kəmalə Ağayeva, Vladimir Abramyan, Vladimir Qafarov, Hüseyn Arif, Qurgen Qabrielyan, Eyvaz Borçalı böyük şairin əsərlərinin tərcümələrini və ona ithaf olunmuş şeirləri Vaqifə poeziya çələngi kimi təqdim etdilər. Böyük həyat aşiqi olan Vaqif bütün varlığını doğma xalqına həsr etmişdi. O, dərin inam və ümid hissilə yazırdı ki, zülmətli günlərin axırına az qalıb. Onun torpağının işıqlı yeni həyatı, yaradıcı, qurucu, öz taleyinin sahibi olan xalqın gözəl günləri şairə ən yaxşı abidə olmuşdur.

Vaqif poeziyasının vətəndaşlıq ənənəsinin layiqli varisi olan festival iştirakçıları Nəriman Həsənzadə, Sokrat Xanyan, Abbas Abdulla, Tofiq Bayram, Sabir Rüstəmxanlı, Hüseyn Razi, İskəndər Coşqun, Ənvər Əhməd, Hüseyn Hatəmi, Nüsrət Kəsəmənli şeirlərini oxudular.

Qədim zamanlardan Azərbaycanda şeir məclislərində xalq tərəfindən sevilən deyişmələr keçirilirdi. Bu gözəl ənənəyə Vaqif və Vidadi də sadiq qalmışlar. Onların məşhur deyişməsi festivalda gənc şairlər Eldar Nəsibin və Vaqif Cəbrayılzadənin ifasında səsləndi.

İki yüz ildən çoxdur ki, şeir səmasında Vaqifin ağqanadlı “Durnalar”ı pərvaz edir və onun yaradıcılığına pərəstiş edənlərin yeni-yeni nəsilləri ilhamdan doğan bu qoşmanın lirizminə heyran qalırlar, şairlər isə öz böyük sələfinin qələmə aldığı mövzuda şeir qoşaraq öz ustalığını cilalayırlar. İndi də Mixail Petrakovun və Söhrab Tahirin təxəyyülündən doğan durnalar qanad çalıb şeir səmasına şütüyərək sanki Vaqifin durna qatarına qoşulur.

Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı, erməni şairi Samvel Qriqoryanı Azərbaycan poeziyasının ağsaqqalı Süleymam Rüstəmlə qırılmaz tellərlə bağlayır. S.Qriqoryan bu ədəbi birliyi nümayiş etdirərək qələm qardaşına ithaf etdiyi şeirini oxudu.

Şair istedadı üçün əsl meyar, onun poeziyasının gücu və dəyəri həmişə bu poeziyanın xalqa nə qədər gərəkli olması, xalqa necə sədaqətlə xidmət etməsi ilə olçülmüşdür. Buna görə də təsadüfi deyildi ki, söz ustalarının bu yaradıcılıq hesabatını yekunlaşdıran SSRİ Dövlət mükafatı laureatı Nəbi Xəzri əməkçilər dəstəsində şairin yeri, poeziyanın yüksək amalı – zəmanəmizin pafosunu, qəhrəmanlıq nümunələrini tərənnüm etmək, həmişə xalqla olmaq amalı haqqında şeir oxudu.

Vaqif öz adını-məlumatlı, gözüaçıq adam adını bütün həyatı ilə doğrultmuşdur. Lakin qüdrətli təxəyyül qabiliyyətinə malik olan şair hətta ən dərin xəyal aləminə qapıldığı anlarda da təsəvvürünə gətirə bilməzdi ki, vaxt gələcək, belə bir bayramın qəhrəmanı olacaq, Azərbaycanın bir çox guşələrindən buraya, onunla bağlı olan yerlərə qonaqlar axışıb gələcəklər. Xalq oyunları və xalq gəzintiləri meydanı olan, şairi xatırladan Cıdır düzündə adam əlindən tərpənmək mümkün deyildi. Qaş qaralırdı. Zirvəsi meşəli Topxana dağını duman bürüyür, uzaqda başı qarlı Kirs dağı ucalır və adama elə gəlirdi ki, səhnədə nəhəng portreti qoyulmuş Vaqif bir vaxtlar olduğu kimi, yenə də buraları, bu yerləri seyrə çıxmışdır.

Səhnələşdirilmiş tamaşada böyük şairin obrazı canlandı. Festivalın layiqli akkordu olan bu tamaşada Səməd Vurğunun M.Əzizbəyov adına Akademik teatrın səhnəsində qoyulmuş “Vaqif” dramından parçalar göstərildi, poeziya dühasının şeirlərinə bəstələnmiş mahnılar, Azərbaycan bəstəkarlarının əsərləri, xalq melodiyaları səsləndi. Bunları SSRİ Xalq artistləri Zeynəb Xanlarova, Lütfiyar İmanov, respublikanın Əməkdar artistləri Zöhrab Adıgözəlzadə, Sərvər Qəniyev, Amaliya Pənahova, Arif Babayev, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əliabbas Qədirov, artistlərdən Firəngiz Mütəllimova, Firuzə İbadova, Teymur Mustafayev, Avtandil İsrafilov, Qəndab  Quliyeva, aşıq Ədalət Nəsibov, respublikanın əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərliyi altında “Azərbaycan təranələri” Xalq çalğı alətləri ansamblı, Şuşa rayon Mədəniyyət evinin “Muğam” ansamblı ifa etdilər.

Bundan sonra Azərbaycanın mədəni həyatında layiqli yer tutacaq Vaqif poeziyasının bu bayramının bədii epiloqu parlaq və təsirli idi.

Azərinform
“Kommunist” qəzeti (3.8.1982)