“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik və sazbəndlər” adlı layihənin icrasına başlayıb.
İctimai birliyin sədri Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu deyib ki, Azərbaycan aşıq sənətindən danışanda, ilk növbədə, sazbəndlik yada düşür: “Sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir. Zaman-zaman bir sənət sahəsi kimi sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. İndiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Aşıq sənətinin Azərbaycanın milli mədəni sərvəti kimi UNESCO-nun müvafiq siyahısına salınması ilə bu sənətə qayğı və diqqət daha da artırıldı. Bu baxımdan, qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə də diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca aktualdır”.
M.Nəbioğlu əlavə edib ki, yeni layihə sazbəndliyin təbliğinə kömək edəcək, həm də gənclərdə bu sənətə marağın artmasına səbəb olacaq. Layihə çərçivəsində bir sənət sahəsi kimi sazbəndlik, sazın düzəldilmə texnologiyası və sazbəndlərin həyat və fəaliyyətlərindən bəhs edən kitabın hazırlanması nəzərdə tutulur. Nəşr layihəsinin oktyabrda başa çatdırılması planlaşdırılır.