Sənətkar bir əsər yaratmaq üçün ruhunu, hisslərini, yaşantılarını, sevinclərini, arzularını, ən önəmlisi də zamanını sevə-sevə sərf edir. Nizami Gəncəvinin dediyi kimi, hər gizli xəzinədən bir dürr çıxarmaq üçün səy göstərir. Sənətin məziyyətlərini bilən, onları öz orijinal üslubu ilə kombinə etməyə çalışan gənc rəssam Rauf Şamilzadə də müasir rəngkarlığımızın zəhmətsevər müəlliflərindəndir. Onun yaradıcılığının rəhnində avanqard tərz, innovativ üslub dayanmaqdadır. Ənənəvilik ilə çağdaşlıq arasında, keçmiş ilə gələcək arasında xüsusi yaradıcı yanaşma tərzi ilə seçilən rəssam qəlblərə və duyğulara ünvanladığı hər bir əsərində öz fəhmini məharətlə ifadə edir.
Rəssamın mənəvi və bədii səciyyəyə malik əsərləri arasında “Payız”, “Boz”, “Finiş”, “Gül ruhu”, “Tərk edilmiş”, “Su altındakı ev”, “Yasəmənlər”, “Tənha”, “Dəvətsiz qonaqlar”, “Yad planetdə musiqi”, “Fırtınadakı gəmi”, “Kloun”, “Qaranlıq”, “Qoca” kimi bir çox kompozisiyaları mövcuddur.
Deyirlər ki, həqiqi sənət əsəri qarşısında adətən zaman aciz qalır. Biz də adlarını sadaladığımız bu əsərlərin qarşısında dayandığımızda həm zaman, həm də məkan anlayışını unuduruq. Bu kompozisiyalar bizə müəllifin duyğu və düşüncə burulğanını xatırladır, faş edir…
Rauf Sabir oğlu Şamilzadə 1986-cı ildə Bərdə şəhərində doğulub. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub, daha sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti başa çatdıqdan sonra 2006-cı ildə Bakıya qayıdan gənc rəssam bu səfər zərgərlik sənətinin sirrlərini öyrənmək üçün köhnə “Bakı” univermağında sənətkarlarla birgə fəaliyyət göstərib. Rəngkarlığa bağlılığı əsla qeyb olmayan gəncin bu sənətə qayıtmasında Əməkdar rəssam Vüqar Muradovun çox böyük rolu olub.
Bəzən asimmetrik formalar, rəng ləkələri, maraqlı ornamentlər ilə öz üslubunun estetikasını müəyyənləşdirməyə çalışan rəssamın yenilikçi və fərqli bədii ifadə tərzi xüsusi harmonik ab-hava ilə daha da zənginləşir. Öz estetikası və fəlsəfəsi “dəbli” vizual görkəmə malik olan rəssamın perspektivli və mündəricəli mövzu seçimi çox maraqlıdır.
Məsələn, “Fırtınadakı gəmi” əsəri ilk baxışdan melanxolik ab-havası ilə seçilir. Bulanıq, sezilməyən bir kompozisiyanın mərkəzində tənha qalmış və fırtına ilə mübarizə aparmağa çalışan gəmi görürük. Əsərdən dinamika, ritm və yetəri qədər gərgin aura duyulmaqdadır. Müəllifin kompozisiyaya verdiyi fərqli enerji izləyicilərin diqqətini özünə cəlb edir. Əsər sanki tamaşaçıları həmin ana sürəkləyir. Rəssam gəminin taleyini, aqibətini izləyicilərin öz təxəyyüllərində sonlandırmağı üçün xüsusi bədii “həmlə”lərdən istifadə edir.
Müəllifin yaradıcılığında seçilən başqa maraqlı əsər “Tərk edilmiş” isimli kompozisiyadır. Yenə melanxolik ab-hava ilə icra olunan bu əsərdə maraqlı kontrast mövcuddur. Tənha və tərk edilmiş, dağılmaq üzrə olan ev ilə rəssamın seçdiyi şux və canlı palitra ziddiyyətli, bir o qədər də həmahəng görünməkdədir. Məhz bu “həmlə” kompozisiyanı mənalandıran, ona xüsusi maraq aşılayan əsas amillərdən biri hesab oluna bilər.
Boşuna demirlər ki, rəng həm ondan istifadə edən rəssam üçün, həm də onu qavrayan və qiymətləndirən tamaşaçı üçün ən yaxşı təəssürat vasitəsidir. Rauf Şamilzadə də bu təəssüratın gücündən bacarıqla istifadə edir. O, rəngləri, rəng kombinasiyalarını çox gözəl tanıyır, onlardan yerindəcə istifadə edə bilir.
Bunun ən gözəl nümunəsi rəssamın “Gül ruhu” əsərində özünü büruzə verməkdədir. Fərqli hisslər doğuran rəngin gücünə bu kompozisiyada dolğun şəkildə müraciət edən rəssamın seçdiyi pastel tonlarındakı rənglər tamaşaçıda, həqiqətən də, çiçəklərin zərif ruhun mövcudluğu təəssüratını oyadır. Titrək fırça vuruşları ilə icra olunan “Gül ruhu”, həqiqətən də, kətanda mistik bir şəkildə kölgələnir…
Rauf Şamilzadənin kolorit seçiminin gözəl kətan üzərində təzahürlərindən biri də “Payız” əsəridir. Kompozisiyada xəzan yeli, “qızıl” payız havası qabarıq şəkildə vurğulanıb. Sanki çırağı xatırladan rəng və forma seçimi rəssam tərəfindən ustalıqla tamamlanıb. Payız havasında yanıb-qızaran ağac fiquru, bozumtul, yarı tutqun səma və xəzana dönən yarpaqlara əbədi yuva olan torpaq təsviri bədii-estetik tutumlu sənət nümunəsinə çevrilib.
Gənc rəssamın əl işlərində daima bədii ifadə axtarışında olduğu, öz üzərində çalışdığı, təkrarı və təqlidi sevmədiyi hiss olunur. Yaradıcılığı innovativ çalarlarla seçilən gənc istedadlar Azərbaycan rəngkarlığının sabahıdır. Biz də Rauf Şamilzadəyə sənət yolunda bol-bol uğurlar arzu edirik.
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi