Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1994-cü il 24 oktyabr

 

Prezident Heydər Əliyev respublikanın Xalq artisti, uzun illər Naxçıvan Dövlət Dram Teatrında çalışmış Zəroş Həmzəyevanı 70 illik yubileyi münasibətilə təbrik edib.

 

1994-cü il 1-3 noyabr

 

Prezident Heydər Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi münasibətilə yubiley tədbirlərində iştirak etmək üçün Türkiyədə səfərdə olub.

Heydər Əliyev noyabrın 1-də Ankarada Bilkənd Universitetinin şəhərciyində Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunmuş şənliklərin təntənəli açılışında çıxış edib. 

“...Bizim xalqlarımız dünya mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya sivilizasiyasını elm, mədəniyyət sahəsində dəyərli əsərlərlə zənginləşdirmişlər. Xalqlarımızın böyük şəxsiyyətləri sırasında Məhəmməd Füzulinin xüsusi yeri var.

Füzuli irsinin qiyməti əvəzsizdir. Azərbaycan xalqı Məhəmməd Füzulinin yaratdığı əsərlərin təsiri altında əsrlər boyu və xüsusən XX əsrdə öz mədəniyyətinin inkişafında böyük nailiyyətlər əldə etmişdir. Füzulinin “Leyli və Məcnun” poeması əsasında Azərbaycanın böyük bəstəkarı, dahi insanı Üzeyir Hacıbəyov Şərq aləmində, Türk dünyasında ilk professional opera yaratmışdır. Füzulinin əsərlərinin təsiri altında Azərbaycanın yazıçıları, alimləri, bəstəkarları, rəssamları əsərlər yaratmış, respublikamızın mədəniyyətini inkişaf etdirmiş, dünya mədəniyyətinə böyük töhfələr vermişlər. Bunlar hamısı Məhəmməd Füzulinin bizə bəxş etdiyi böyük irsdir, Azərbaycan xalqının, Türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnəkdir...

Bugünkü bayram günündə Füzulinin yubileyinin burada qeyd olunması və Azərbaycandan böyük bir nümayəndə heyətinin buraya gəlməsi də bizim dostluq və qardaşlığımızın rəmzidir... Yaşasın ədəbiyyatımız, mədəniyyətimiz, mənəviyyatımız! Yaşasın sarsılmaz Türkiyə - Azərbaycan dostluğu!”.

***

Noyabrın 2-də isə Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində dahi Azərbaycan şairinin xatirəsinə həsr olunmuş mərasimdə çıxış edib.

“Azərbaycanda ilk dəfə müstəqil demokratik dövlət yarananda – 1918-ci ildə də bu, Türkiyə ilə bağlı, Türkiyənin təsiri altında, Türkiyənin köməyi ilə olubdur. Ondan sonrakı dövrdə biz müəyyən siyasi, ideoloji səbəblərə görə, düşdüyümüz vəziyyətə görə Türkiyədən ayrı olduğumuz halda qəlbimiz həmişə bir olub, Füzulinin şeirləri Türkiyədə də, Azərbaycanda da səslənib. Tək Füzuli yox, bizim xalqlarımızın Füzuli kimi böyük sənət adamları, şəxsiyyətləri bizi ayrılmağa qoymayıbdır...

Bu iki gün müddətində Füzulinin yaradıcılığına verilən qiymət, eyni zamanda müstəqil Azərbaycan dövlətindən buraya gəlmiş heyətə göstərilən hörmət və ehtiram bizi həm sevindirir, həm də bizdə böyük təşəkkür hissi oyadır. Biz bunu bir tərəfdən təbii hesab edirik. Çünki biz dost və qardaşıq. Bir millətik və bir-birimizlə çox bağlıyıq...

...Gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi. İndi ola bilər ki, elə böyük sirr deyil açım, o vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini götürmüşdüm – türk dilini öyrənirdim. Müəllim də var idi, bir müddət - iki-üç il mənə türk dili öyrədirdi. Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük yazıçılarının, şairlərinin rəsmləri indi də gözümün qabağındadır... Həyat elə gətirdi ki, mən gəlib Türkiyənin Böyük Millət Məclisində söz demək imkanı aldım... Biz bu gün yenə də Türkiyənin Böyük Millət Məclisindəyik... Azərbaycanda nə qədər adamlar bu günlərin həsrəti ilə yaşadı, lakin gəlib bu günləri görə bilmədi. Ancaq biz xoşbəxtlərdənik ki, bu günləri gəlib görmüşük. Türkiyə ilə Azərbaycanın bərabərliyini, dostluğunu görürük, bu dostluğu daha da inkişaf etdirmək üçün fəaliyyət göstəririk. Bu gün Türkiyənin Böyük Millət Məclisinin salonunda millət vəkilləri ilə birlikdə Türkiyə-Azərbaycan dostluğunu bayram edirik. Füzuli sənətinin bayramını keçiririk...”.

Səfər zamanı Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl və digər rəsmilərlə görüşlər də keçirib.

 

1994-cü il 17 noyabr

 

Prezident Heydər Əliyev Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr edilmiş təntənəli yığıncaqda nitq söyləyib.

“...Rusiya və Azərbaycan xalqları gözəl dostluq, əməkdaşlıq ənənələrinə, mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin zəngin tarixinə malikdirlər. Bu işdə xalqlarımıza həyatın bütün mərhələlərində mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri kömək etmişlər. Bu gün biz müəyyən müddətdən sonra yenidən birlikdəyik və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyini birlikdə qeyd edirik. Şairin yubiley ilini UNESCO Füzuli ili elan etmişdir. Füzulinin yubileyi Azərbaycanda, bir çox digər ölkələrdə geniş qeyd edilir, lakin bu, Azərbaycan xalqı üçün xüsusilə dəyərli və əhəmiyyətlidir ki, Füzulinin yubileyi Moskvada – zəngin mədəni və ədəbi ənənələri olan şəhərdə də qeyd olunur.

... Bu salonda Azərbaycan mədəniyyəti korifeylərinin yubileyləri dəfələrlə bayram edilmişdir. Lakin bugünkü gecə xüsusi əhəmiyyətə malikdir. Bu gün Rusiya paytaxtında Məhəmməd Füzulinin 500 illiyi, müstəqil Azərbaycan dövləti şairinin yubileyi qeyd olunur. Bunun xüsusi mənası var. Elə bunun özü də ona dəlalətdir ki, Azərbaycan və rus xalqlarını, Rusiya və Azərbaycan xalqlarını birləşdirən dostluq telləri möhkəm və pozulmazdır, bu telləri heç nə qıra bilməz. Bu tellər əbədi olacaq və gündən-günə möhkəmlənəcəkdir...”.

Səfər zamanı Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinlə görüşüb.

Hazırladı: Vüqar Orxan

(davamı var)