O cümlədən 98 min xarici turist...
Türkiyənin turizm paytaxtı Antalyanın hava limanı iyulun 15-də rekord sayda sərnişinə xidmət göstərib.
Bu məlumatı Antalya valisi Ersin Yazıcı paylaşıb. Onun bildirdiyinə görə, Antalya aeroportu iyulun 15-də 207 min 84 nəfərə xidmət göstərib ki, onların da 97 min 900-ü beynəlxalq reyslərin sərnişini olub.
Hakimiyyət orqanlarının məlumatına əsasən, Antalya hava limanında həmin gün 1164 reys həyata keçirilib.
Qeyd edək ki, təkcə Türkiyənin deyil, ümumilikdə Aralıq dənizi regionunun ən böyük turizm mərkəzi sayılan Antalya 2023-cü ilin beş ayında turist qəbulu sayında rekord nəticə əldə edib. Antalya Valiliyi Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, 1 yanvar – 10 iyun aralarında bölgəyə hava yolu ilə gələn turist sayı 4 milyon 63 min nəfər olub. Bu göstərici Türkiyədə “turizm rekordları” ilə yadda qalmış 2019-cu ilin eyni dövründə Antalyaya gələn turist sayını (4 milyon 27 min) geridə qoyub.