“Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm...”

 

İyulun 22-də Azərbaycan milli mətbuatının əsasının qoyulmasının 148 yaşı tamam olur. 1875-ci il iyulun 22-də böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin redaktorluğu ilə ana dilimizdə ilk mətbu orqan – “Əkinçi” qəzeti nəşrə başlayıb. İki il ərzində 56 sayı işıq üzü görüb. Bu qısa ömründə qəzet mədəni-maarif tariximizdə, Azərbaycan xalqının milli oyanışı və özünüdərki yolunda tarixi səhifə açmağa nail olub. “Əkinçi”nin nəşrə başladığı tarix təqvimimizə Milli Mətbuat Günü – media işçilərinin peşə bayramı kimi yazılıb.

Görkəmli təbiətşünas alim, maarif fədaisi, mədəni irsimizin yorulmaz təəssübkeşi H.Zərdabinin (1842-1907) xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır. Adı əbədiləşdirilib, doğulub boya-başa çatdığı Zərdab rayonunda adına muzey də yaradılıb. Muzey həm milli mətbuatımızın tarixinə bələdçilik edir, həm də eksponatlar vasitəsilə böyük publisistin ömür yoluna işıq tutur.

Həsən bəy Zərdabi Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin 2005-ci il 11 may tarixli əmri ilə təşkil edilib. 2006-cı ilin yanvar ayından ziyarətə açılıb.

Muzeyin direktoru Vəfa Bayramova qeyd edir ki, Prezident İlham Əliyevin 2012-ci il 4 iyun tarixli “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” və 2012-ci il 19 iyul tarixli “Həsən bəy Zərdabi Muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” sərəncamlarının icrası ilə əlaqədar olaraq nazirlik tərəfindən 2013-cü ildə muzeydə təmir və bədii tərtibat işləri aparılıb: “Muzeyin müasir standartlara uyğun təmiri, yenidən qurulması və bədii tərtibatı 2013-cü ilin iyun ayında başa çatdırılıb. Muzeyin ekspozisiyası azərbaycançılıq məfkurəsinə uyğun yenidən qurulub və bu günün tələblərinə cavab verən, milli-mənəvi dəyərləri qoruyub təbliğ edən mədəniyyət ocağı yaradılıb”.

 

“Sən xalq üçün işlə...”

 

Hazırda muzeyin fondunda H.Zərdabinin ailəsinə və yaxınlarına məxsus çıraq, iki kasa, samovar, görkəmli maarifçinin, ailə üzvlərinin və yaxın qohumlarının portretləri, N.Vəzirovun H.Zərdabiyə, H.Zərdabinin M.F.Axundzadəyə və  L.Tolstoya yazdığı məktubların ilk səhifələri və s. saxlanılır. Muzeydə H.Zərdabinin həyat və fəaliyyətinə dair ümumilikdə 462 eksponat mühafizə olunur.

Eksponatlar iki ekspozisiya zalında müxtəlif başlıqlar altında nümayiş olunur. Bu sərlövhələr Zərdabinin fikirlərindən ibarətdir və onun dərin biliyi və zəngin dünyagörüşündən xəbər verir: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”; “El üçün çalışan həmişə yaşayar”, “Sən xalq üçün işlə, xalq da sənin qədrini bilər, bunun üçün əvvəlcə xalqın etimadını qazanmaq lazımdır”; “Mən bütün gücümü avamlıq zülməti aləminə işıq şüaları gətirməyə sərf etmişəm”; “Kitab bəşəriyyətin ən böyük kəşfidir”; “Öz ləyaqətini qoru və başqalarının da ləyaqətinə hörmət et” və s.

 

Səxavətli mütəfəkkir

 

Direktor muzeydə nümayiş etdirilən çırağın və iki kasanın maraqlı tarixçələrini də diqqətə çatdırır.  Deyir ki, “Əkinçi” qəzetinin çapı dayandırıldıqdan bir müddət sonra, 1877-ci ildə H.Zərdabi doğulub boya-başa çatdığı Zərdab kəndinə qayıdır. Elmi fəaliyyəti ilə yanaşı, Həsən bəy səxavətli olmağı ilə də xalqın rəğbətini qazanıb. O, Zərdabda yaşadığı dövrdə Kür qırağı kəndlərdə yeni ailə qurmuş gənclərlə görüşüb, onlara hədiyyələr verib: “Kasaları uzun illər qoruyub saxlayan Zərdab rayon sakini Sərəncam Hüseynova bu əşyalar haqqında danışarkən bildirib ki, onun babası həmin dövrdə Kür çayında bərəçiliklə məşğul olub. Bir gün onun bərəsinə dövrünün ən məşhur ziyalılarından olan H.Zərdabi əyləşib. Şirvan ərazisinə gedən yolda söhbət əsnasında Həsən bəy onun ailə vəziyyətini öyrənib. Biləndə ki, onun qızının yaxın zamanda toyu olacaq, öz adətinə sadiq qalaraq bağlamasından iki ədəd kasa çıxarır və “Bu da məndən qızına hədiyyə” deyərək kasaları ona verir. Sərəncam nənə xatırlayırdı ki, evdə kasalara xüsusi diqqətlə yanaşılıb və “Bəy kasası” kimi əzizlənib, qiymətli əşya kimi indiki dövrümüzə qədər qorunub saxlanılıb”.

Burada qorunub saxlanılan çıraq isə rayon sakini Validə Məmmədova tərəfindən muzeyə hədiyyə olunub. Validə xanım lampanın maraqlı tarixçəsi barədə bunları söyləyib: “Mənim nənəm H.Zərdabinin həyat yoldaşı Hənifə xanımla yaxın rəfiqə olub. Hənifə xanım Zərdabda yaşadığı zamanlarda nənəmin qızlarından biri nişanlı olub və Hənifə xanım həmin çırağı hədiyyə olaraq nənəmə bağışlayıb”.

Direktor il ərzində muzeydə müxtəlif tədbirlərin keçirildiyini deyir. Bildirir ki, tarixi və əlamətdar günlərlə yanaşı, H.Zərdabinin də həyat və fəaliyyətinin təbliği ilə əlaqədar mühazirələr, sərgilər və s. təşkil edilir. Müxtəlif vaxtlar “Həsən bəy Zərdabini daha dərindən öyrənək və öyrədək!” adlı layihə çərçivəsində “Həsən bəy Zərdabi və qadın təhsili”, “Həsən bəy Zərdabi ocağının inciləri – “Səffət bəy Məlikov”, “Həsən bəy Zərdabi böyük təbiətşünasdır”, “Milli mətbuatımızın banisi, böyük maarifçi, ziyalı Həsən bəy Zərdabi” adlı tədbirlər keçirilib.

Bu il isə milli mətbuatımızın 148 illiyi ilə əlaqədar “Əkinçi” – dəyərini itirməyən zəngin xəzinə”, “Həsən bəy Zərdabi və Azərbaycan mətbuatı” adlı tədbirlər təşkil edilib. Muzey tərəfindən həmçinin “Heydər Əliyev İli” ilə bağlı silsilə tədbirlər keçirilir.  “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” adlı inşa müsabiqəsi də muzeyin bu il həyata keçirdiyi layihələrdəndir.

N.Məmmədli