Şabran Mədəniyyət evinə çatanda məni o qarşıladı. Mehribanlığı üzündən hiss olunurdu. Tanımadığım bu şəxsdən Mədəniyyət evinin rəhbərini xəbər aldım. Qayğıkeşliklə “Deyəsən, qonaq gəlmisiniz. Dayanın, zəng edim, müəllimə hələ işdə olmaz” deyib səhər günəşində bir az da qızaran üzünün tərini silib, telefonundan kimisə yığdı.
Danışığını bitirdikdən sonra “Buyurun, gəlin, təmiz havada bir stəkan çay için, müəllimə də harada olsa indi gələr” deyib ərkyana parkda qurulan və səhərin ilk saatlarında artıq dolu olan çayxananın çayçısına “A bala, bir çaynik çay gətir” dedi. Sonra üzünü masalardan aralıdakı söhbətgahda nərd oynayan gənclərə tutub şaqraq səslə “Tərpənin, görmürsüz qonağımız qadın xaylağıdır?!” deyib gülə-gülə məni ora ötürdü.
Çay süzə-süzə kim olduğum, haradan gəldiyimlə maraqlandı. Müxbir olduğumu biləndə də heyrətlə “Sən Allahın işinə bax e. Nə bildiniz mənə də elə sizin kimi bir müxbir lazımdır ki, ürəyimi boşaldım” deyib qəşş elədi.
Cavabımı gözləmədən “Dayanın, mən yox, qoy, o danışsın. Bu saat Cabir müəllimi çağırım, bir-iki kəlmə söhbətləşək” deyib yenə kiməsə zəng elədi.
Salam-kəlamdan sonra “Sən bir gəl, ay Cabir müəllim. Hələ gör kim gəlib” deyəndə yerimdə qurcalandım. Hiss elədim, dəstəyin o başındakı ya könülsüzdür, ya da bir az incik. Ona görə də hələ adını bilmədiyim müsahibə təşkilatçıma diqqət kəsildim. Peşəmizin xəstəliyidir, çətin adamları danışdırmaqdan ayrı zövq alırıq. Qonaqpərvər təzə tanışım isə dəstəyin o başındakına hələ də dil tökür: “Şabran Xalq teatrından sizdən başqa kim danışacaq axı. Min taksiyə qayıt, ay müəllim, qonağı gözlətmə” deyib telefonu qapatdı. Mən də çaydan bir-iki qurtum içib yaddaşımı işə saldım. Mədəniyyət Nazirliyinin çoxsaylı tədbirləri içərisindən Xalq Teatrları Festivalını xatırladım. Qaldı onun Şabran və Cabir müəllimlə bağlı hissəsi. Pürrəngi çay və təmiz havanın rahatlığında müsahibimi gözləməyə başladım...
Şabranda mədəniyyət, teatr deyəndə ilk yada düşən adamlardan biri ömrünün 45 ilini sənətə həsr edən Cabir Əmrahovdur. 1972-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsinə qəbul olunub. 1976-cı ildə təyinatla Şəki Dövlət Dram Teatrına göndərilib. 12 il orada çalışıb. Qalanını öz dilindən eşidək:
– Görkəmli rejissorlarımız Hüseynağa Atakişiyev, Cahangir Novruzovla xeyli işlədim. Şəki teatrının qaynar dövrü idi. Sonra Sumqayıt Dövlət Dram Teatrına gəldim, 11 il də orada işlədim. Məişət, qayğılar, valideynlərimə görə Şabrana daha yaxın teatr kimi Sumqayıta getdim. 90-cı illərin əvvəllərində sənətdən uzaqlaşdım. Öz aramızda qalsın, bir az tərs adamam (gülür). Dağlı damarım tutdusa, qurtardı. Beləcə, şələ-şüləmi yığıb qayıtdım Şabrana. Onda valideynlərim də sağ idi. Burada ev-eşik də qurdum. 24 il müxtəlif müəssisələrdə – musiqi məktəbində, Mədəniyyət evində, Uşaq yaradıcılıq mərkəzində çalışdım. Beləcə, yavaş-yavaş yenə teatra döndüm...”.
Cabir müəllim bildirir ki, rayonda hələ ötən əsrin ortalarından (o vaxt rayon Dəvəçi adlanırdı) teatra maraq və həvəs böyük olub, dərnəklər fəaliyyət göstərib. 2018-ci ildə Şabran rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinə “Xalq teatrı” statusu verilib.
Qeyd edim ki, bu müddət ərzində C.Əmrahovun rəhbərliyi və rejissorluğu ilə Xalq teatrının repertuarı genişlənib. “Dədə Qorqud”, “Natəvan”, “Vətən ağrıları, Vətən dərdləri”, “Həyat”, “Qan yaddaşı”, “Cavad xan”, “Durna”, “Xaqani”, eləcə də uşaqlar üçün “Öz xoşuna gəzən pişik”, “Əhmədin vəfalı xoruzu”, “Göyçək Fatma”, “Cəsurlar”, “Meşə çaqqalsız olmur”, “Küsəyən nənə”, “Meşədə konsert” kimi tamaşalar hazırlanıb. Teatr təkcə Şabranın deyil, eləcə də qonşu rayonların tamaşaçıları qarşısında maraqlı repertuarla çıxış edib.
Ötən dövrün qısa hesabat-statistikasından sonra Cabir müəllim yenidən dünənə boylanır: “1998-ci ildə doğma rayonumuza qayıtdım. Gördüm yox e, qadası, teatrsız alınmır. Mədəniyyət evinin tərkibində həvəskarları yığmağa başladım. 1999-cu ildə ilk tamaşamızı oynadıq. Əslində, məni də işləməyə həvəsləndirən bax, sizin bu yeni dostunuz Qulu (sən demə qonaqpərvər dostum Xalq teatrının həvəskar aktyoru, hazırda Mədəniyyət evinin çilingəri işləyən Qulu Mövsümov imiş) və onun kimi həvəskarlar oldu. Məni bir növ depressiyadan ayıltdılar. Sumqayıtdan gələndə öz-özümə “Başqa iş tapacam. Nə çox fəaliyyət sahələri. Nə var e incəsənətdə” deyirdim. Amma adam bu xəstəliyə bir dəfə tutulur və sağalmır. Mən də beləcə, Şabrandakı həvəskarları bir yerə toplayıb bu teatrın əsasını qoyduq.
O tədbir, bu tədbir, tamaşalar, kompozisiyalar, səhnə işləri beləcə, bir-birini əvəz elədi. Uğurlarımız, səfərlərimiz də çox oldu. 2019-cu ildə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 3-cü Xalq Teatrları Festivalında 1-ci yerə layiq görüldük. Əl-ələ verib formalaşdırdığımız kiçik kollektiv böyük əzm ilə işlər gördü. Son olaraq 44 günlük Vətən müharibəsi ilə bağlı “Xarıbülbül” adlı tamaşa da hazırladıq”.
Söhbətimizin məcrasını bölgədə yaşayan həvəskarların teatra cəlbinə yönəldəndə bayaqdan kənardan bizi izləyən üçlük bir-iki addım da irəli gələrək gözlərini Cabir müəllimə dikdilər.
Həmsöhbətim onları göstərərək “Bunlar teatra müqəddəs yer kimi baxan adamlardır. Qəribə səslənəcək, amma balaca epizod da oynayanda elə xoşbəxt olurlar ki. Onların bu marağı məni işimə daha da bağladı. Festivalda birinciliyimiz, “xalq teatrı” statusu almağımız bizi, bilirsiniz, necə məsud elədi? Gəldik rayona. Elə bil dünyanı bizə vermişdilər. Dayanmadan işləməyə başladıq, yeni səhnə işləri hazırladıq. Aralarında elə tamaşalar var ki, heç onlara özüm də doyunca baxa bilmədim...”.
Bu yerdə sözünə ara verdi. Üzünü yana tutdu. Səsi titrəyib, qəhər boğazında düyünlədi. O da, önündə bayaqdan gülümsəyən aktyorları (burada keçmiş yazmalıyam) da kövrəldilər. Bayaqdan şən və güclü görünməyə çalışan cüssəli Qulu da balaca uşaq küskünlüyü ilə kənara çəkildi.
Söhbətin bundan sonrasını – Cabir müəllimin irad və narazılıqlarını, Qulu Mövsümovun narahatlıqlarını və Mədəniyyət evinin əməkdaşlarının müşahidələrini qeydə əlavə edib, keçirəm ənənəvi söz dəyişmə gedişimə. Düzdür, bu, heç də həmişə uğurlu alınmır. Amma bu dəfə də sınamaqda fayda var.
Müsahibim dünyagörmüş, əsl hal adamı. Vəziyyəti məndən qabaq özü anladığından “Bilirsən, qızım, dedi-qodu, tənbəllik, boş-boşuna ştat zəbt etmək mənlik deyil. Bu müddət ərzində vicdanla işləyib, əlimdən gələni etdim. Sonra 65 yaşım tamam olduğu üçün təqaüdə çıxmalı oldum. “Gedin dincəlin” dedilər. Amma mən səhnədə, sənətdə dincəlirdim, bu həvəskarlar da mənim həyat mənbəyim idi. Sağ olsun dövlətimiz, əmək pensiyamı alıb yaşayıram. Şükür, ailəm, övladım var. Pul-paradan ehtiyacım o qədər də yoxdur. Amma mən mənən acam, səhnəsiz, teatrsız ac. Elə bil ki, dünya köçüb, mən tək qalmışam, bomboş Şabran küçələridir, bir də mən. Başımda da yeni tamaşaların quruluş və replikaları. Vicdan haqqı, dəli olmasam yaxşıdır. Adam məhəbbətdən, xiffətdən də dəli olar, yəqin bilirsən”.
Bu məqamda həmsöhbətimin fikirlərini dağıtmaq üçün söhbəti yenə hazırladığı tamaşalardan saldım və onu da öyrəndim ki, Şabran Xalq teatrının hazırda rejissoru və rəhbəri yoxdur.
Cabir müəllim sözünə davam edir: “Mən təqaüdə çıxanda dedilər yerinə cavan kadrlar gələcək. Təəssüf ki, rayon yerində xalq teatrı incəsənət təhsilli cavanlara cəlbedici gəlmir. Mən heç, bu uşaqlara ürəyim ağrıyır. İllərdir birlikdə çalışmışıq. Bir ailəyə çevrilmişik. İndi onlar da təkdir, mən də. Söhbət mənəvi təklikdən gedir”.
Xalq teatrının bayaqdan susan aktyorları (Qulu Mövsümov, Günay Xanıyeva, Zəfər Məmmədov) da söhbətə qoşulurlar: “Çox vaxt olub səhnə, dekorasiya, tərtibat üçün kimin nəyə imkanı çatırsa, alıb, işimizi görmüşük. Elə olub ki, hamısını Cabir müəllim özü edib. Hərəmiz rayonun bir kəndində, qəsəbəsində olsaq da o, “Bir saata burada olmaq lazımdır” deyən kimi özümüzü həmin məkana çatdırırdıq. Bəzən məşqlərimiz saatlarla davam edirdi. Heç kim yoruldum, evə gedim demirdi. Ayaqüstü bir tikə çörəyimizi yeyib yenə işimizə davam edirdik. Qışda soyuqdan, yayda istidən şikayət etmədən işləmişik. İstirahət günləri olanda darıxırdıq ki, nə vaxt səhnəyə qayıdacağıq. Cabir müəllim bizə sənəti, teatrı, səhnəni elə sevdirib, ora elə bağladı ki, çətin bir də qopaq. Bir-iki dəfə müəyyən səbəblər üzündən buradan çıxsaq da, sonradan qayıtdıq. Hamımız bilirik ki, mədəniyyət sahəsində məvacib yüksək olmur. Hətta adama elə gəlir ki, bu maaş ilə necə yaşamaq olar? Amma səhnədə bunlar arxa plana keçir və insan anın səadətini yaşayır”.
Cabir müəllim onun təəssübünü çəkən aktyorların emosional çıxışını yarımçıq qoyaraq “Düz deyirlər, onları mən teatr xəstəsi eləmişəm. Daha pis, yoxsa yaxşı iş görmüşəm, bilmirəm. Mənim ən böyük arzum bu teatrın işləməsi, yenə qaynar həyatına dönməsidir” deyir.
...Cabir müəllimlə söhbətimin üstündən bir neçə gün keçsə də, hələ də onun doğma kollektivinə qayıtmaq kimi məsum arzusunun təsirindən çıxa bilmirəm...
Həmidə Nizamiqızı
Bakı-Şabran-Bakı