Xalq artisti Nurəddin Mehdixanlı “MədəniyyətimİZ” layihəsinin qonağı olub
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İrəli” İctimai Birliyinin “MədəniyyətimİZ” layihəsi çərçivəsində Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib.
Tədbiri açan muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli” ilə yanaşı, həm də Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illik yubileyi ilə əlamətdardır. Bildirilib ki, il ərzində muzeydə müxtəlif tədbir və layihələr həyata keçirilir. “İrəli” İB-nin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi də bu qəbildəndir.
İctimai birliyin sədri Şahin Rəhmanlı qeyd edib ki, Ümummilli lider Heydər Əliyev ölkəmizdə teatr sahəsinin inkişafına daim diqqət göstərib, bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi haqqında sərəncamı da bu diqqət və qayğının göstəricisidir.
Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı yaradıcılığından söz açıb, Akademik Milli Dram Teatrında oynadığı tamaşaları, rol aldığı filmlər barədə danışıb. Sənətkar Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən də söhbət açıb, auditoriyanın suallarını cavablandırıb.
Görüşün bədii hissəsində musiqiçilərin ifasında xalq mahnıları və təsniflər səsləndirilib.