Türkoloqlar tərəfindən tədqiq olunur...

 

Türkiyənin Bursa şəhərində bir əntiq əşyalar mağazası sahibinin nadir əsər olduğunu bilmədən bağışladığı “Kitabi-Dədə Qorqud” dastanının nüsxəsi türkoloqların tədqiqat mənbəyi olub.

Muradiye Quran və Əlyazmaları Muzeyinə hədiyyə edilən kitab yerli bələdiyyənin dəstəyi ilə bərpa olunub və onun surəti nəşr edilib. Türkoloqlar daha öncə Drezden, Vatikan, Ankara (Türk Tarix Qurumu) nüsxələri məlum olan “Kitabi-Dədə Qorqud” dastanının yeni nüsxəsi üzərində tədqiqata başlayıblar.

Orijinal nüsxəni muzeyə bağışlayan əntiq əşyalar taciri İbrahim Koca bildirib ki, kitabı ona Bursanın Fadıllı kəndindən ərəb və Osmanlı türkcəsini bilən bir müəllim gətirib. Kitab kolleksiyaçısı olmadığını və bu səbəbdən onu muzeyə hədiyyə etdiyini söyləyən İ.Koca əlavə edib ki, Bursa Universitetinin müəllimləri sonradan ona bu nüsxənin çox nadir və qiymətli olduğunu deyiblər.

Türkoloq alim Bəşir Ayvazoğlu jurnalistlərə bildirib ki, üzə çıxan yeni nüsxə türk mədəniyyətinin tədqiqi baxımından çox qiymətlidir. Kitab qədim türk dilində yazıldığı üçün oxunma problemi olan kəlmələr də var: “Türkoloqlar və dilçi alimlər bu kitabın üzərində çalışacaqlar. Onlar bu nüsxənin əvvəlkilərdən fərqini də aşkar edəcəklər. Düşünürəm ki, “Kitabi-Dədə Qorqud” dastanının daha çox nüsxəsinin olması türk mədəniyyəti üçün mühümdür”.

Alim bildirib ki, bu nüsxə XVII əsrdə tərtib edilib və qədim türk dilinin tədqiqi baxımından əhəmiyyət kəsb edir. O, kitabın surətinin çap edilərək kitabxanalara paylanması və internetdə yerləşdirilməsinə görə Bursa Böyükşəhər Bələdiyyəsinə təşəkkürünü bildirib.

“Kitabi-Dədə Qorqud”un üzə çıxan yeni nüsxəsi 238 səhifədən ibarətdir və onların hər birində başlıqları qırmızı mürəkkəblə yazılmış 13 sətir var.