Reza Deqatinin sərgisində Azərbaycanda çəkdiyi şəkillər də nümayiş olunur
Məşhur fotoqraf Reza Deqatinin növbəti sərgisi İsveçdə, eləcə də Fransanın əyalətlərində nümayiş olunub. “Dərin sükut” adlı sərgi ilə R.Deqati sözünü, fikirlərini fotoları vasitəsilə seyrçiyə çatdırır. Əslində, reallığı əks etdirən fotolarda heç bir sözə ehtiyac yoxdur. Bu fotolar sözdən daha çoxunu ifadə edir.
Həmişə olduğu kimi, ünlü fotoqrafın budəfəki sərgisində də Azərbaycan, eləcə də ölkəmizin erməni işğalı zamanı yerlə yeksan edilmiş şəhər və kəndlərini əks etdirən fotolar da nümayiş olunur. Bu fotolarda otuz ilə yaxın sürən işğal, törədilmiş vandalizmlə bağlı həqiqətlər var.
Lal trans, hipnoz, daxili tüğyan hisslərinə qərq olmuş, insan qəlbinin dərinliklərinə yol açan bu fotolar tamaşaçını ovundurmaq üçün göz yaşları və dərin sükutdan başqa arqument tapmır. Reza bu fotoları vasitəsilə insana özünün ən yaxşı hisslərinə qovuşmağı təklif edir.
Uzun illərdir dünyanın müxtəlif qaynar nöqtələrindən çəkdiyi fotolarla Reza humanist baxışını beynəlxalq media, eləcə də kitablar, sənədli filmlər, konfranslar, seminarlar və sərgilər vasitəsilə bölüşür. O, 1979-cu ildən dünyada baş verən sarsıntıların əsl şahididir. Reza “sülh müxbiri” titullu müharibə müxbiridir.
Reza Deqati Azərbaycanın illərlə məruz qaldığı işğal dərdini də fotoları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırıb. Onun builki sərgilərinin komissarları Raşel Deqati və Fransada sərgilər kuratoru Pyer Bonciovanidir.
Məşhur fotoqrafın sərgiləri yay fəsli ərzində yerli ictimaiyyət və xarici turistlər tərəfindən ən çox ziyarət edilən məkanlardandır.