Dekabrın 19-da Bakıdakı «Divan Express Baku» mehmanxanasında “Skal İnternational Bakı” turizm klubunun növbəti, 12-ci toplantısı keçirildi.
Toplantıda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, hotel və turizm şirkətlərinin təmsilçiləri, media nümayəndələri iştirak edirdilər.
Tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlandı. “Skal Bakı” klubunun prezidenti Ruslan Quliyevin təklifi ilə qurumun yaradıcılarından biri, «Bakı tur» turizm şirkətinin müdiri mərhum Fayis Məmmədovun xatirəsi yad edildi.
«Skal İnternational» haqqında filmin nümayişindən sonra Ruslan Quliyev «Skal Bakı»nın 2012-ci ildə fəaliyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, 1932-ci ildən fəaliyyət göstərən «Skal İnternational»ın Bakı klubu 2009-cu ildə yaradılıb: «Dostlar arasında biznesin bərqərar olması» şüarı ilə tanınan «Skal İnternational»ın hazırda 22 minə yaxın üzvü var. «Skal Bakı» MDB məkanında ilk və tək təşkilatdır. Odur ki, təşkilatın mərkəzi ofisi MDB ölkələri üzrə koordinasiyanı bizə həvalə edib. Bu bizi çox sevindirir. «Skal Bakı»nı yaratmaqda əsas məqsədimiz Azərbaycanı yeni bir turizm mərkəzi kimi dünyaya tanıtmaqdır”.
Ötən müddətdə «Skal Bakı»nın bir çox nailiyyətlərə imza atdığını deyən təşkilat rəhbəri bildirdi ki, bu həm xarici ölkələrdəki həmkarlarla əməkdaşlıqda, həm də ölkə daxilində görülən işlərdə özünü göstərib: «Antalya və Bakı skal klubları əkiz klublar oldular. Gələcəkdə İstanbul, Roma, Los-Anceles skalçıları ilə də əməkdaşlıq qurmaq niyyətindəyik. «Skalite 2012» tədbirində fəal iştirak etmişik. Ölkə daxilində də fəaliyyətimiz geniş olub. Çalışırıq ki, turizmin inkişafında maraqlı olan bütün tərəfləri bu təşkilatda birləşdirək. Strategiyamızın mühüm istiqamətini Azərbaycanda yeni fəaliyyətə başlayan brend hotellərin rəhbərlərini və türkiyəli mütəxəssisləri bu işə cəlb etmək təşkil edir”.
Mədəniyyət və Turizm Nazirliyi Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov bildirdi ki, 2012-ci ildə həyata keçirilən tədbirləri ötən «Turizm ili»nin davamı kimi qiymətləndirmək olar: «Bu il də Bakıda beynəlxalq şəbəkə hotellərinə daxil olan yeni komplekslər açıldı. Turizm sahəsində güclü təbliğat işi aparılır. Bunu istər ölkəmizin təmsil olunduğu sərgilər, istərsə də xarici telekanallarda nümayiş olunan reklam çarxları baxımından demək olar. Bu il eyni zamanda normativ hüquqi aktlar sahəsində yeniliklər oldu. «Turizm haqqında» qanun layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir, çox güman ki, 2013-cü ildə bu qanun qəbul olunacaq. Mehmanxanalarla bağlı yeni standartlar təsdiq olundu.
Yay turizm mövsümü ilə bağlı hər il olduğu kimi, bu il də nazirliyin monitorinq qrupu tərəfindən monitorinqlər aparıldı. Nəticələrlə əlaqədar onu demək olar ki, ötən illə müqayisədə qiymətlərdə 10-15 faiz ucuzlaşma olub. Bunun əsas səbəbi sayı artan turizm obyektləri arasında rəqabətin güclənməsidir. Yaxın günlərdə ölkəmizdə ən iri turizm layihəsi olan Şahdağ Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi yekunlaşacaq və bu məkan turistləri qəbul etməyə başlayacaq”.
Sonra «Evimiz Azərbaycan» jurnalının baş redaktoru Sevil Zeynalqızı nəşr haqqında məlumat verdi. Qeyd edildi ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan jurnal ölkədə daxili turizmin inkişafına həsr edilmiş ilk nəşr olacaq. Jurnal «Tur-imkan», «Reytinq», «İstiqamət», «Xidmət» və s. rubrikalarla oxucuların görüşünə gələcək.
Toplantıda www.azerbaijanbooking.com saytı, həmçinin tədbirin baş tutduğu «Divan Express Baku» mehmanxanası haqqında da iştirakçılara məlumat verildi. Hotelin baş meneceri Bülənd Süzər bildirdi ki, «Divan Express»in əsas fəaliyyəti Türkiyədədir. Mehmanxananın xaricdə ilk brendi Azərbaycanda açılıb, eyniadlı növbəti hotelin gələn il Macarıstanın paytaxtı Budapeştdə fəaliyyətə başlayacağı nəzərdə tutulur. Hotelin 62 nömrəsi, bir restoranı və bir barı var.
Sonra yeni «Skal» üzvlərinə kart və sertifikatlar təqdim edildi. Bir sıra kütləvi informasiya vasitələri klubun fəaliyyətini geniş işıqlandırdığına görə fəxri fərmanla təltif olundu. Təltif edilənlər arasında «Mədəniyyət» qəzeti də var.
Fəxriyyə Abdullayeva