Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1994-cü il 28 dekabr

 

Prezident Heydər Əliyev görkəmli yazıçı-publisist Cəlil Məmmədquluzadənin Bakıdakı Ev-Muzeyinin açılış mərasimində çıxış edib.

“Biz 70-ci illərin əvvəllərində xalqımızın ayrı-ayrı böyük şəxsiyyətlərinin ev-muzeylərini yaratmağa başladıq və ilk belə muzey böyük bəstəkarımız Üzeyir Hacıbəyovun Ev-Muzeyi oldu. 76-cı ildə böyük şairimiz Səməd Vurğunun Ev-Muzeyi yarandı. Ondan sonra da belə muzeylərin yaradılması haqqında mən göstərişlər vermişdim. Şübhəsiz ki, həmin muzeylərin yaranması üçün bu evlərdə yaşayan adamlar başqa yerlərə köçürülməli idi. Bu işləri biz o vaxt görürdük. İndi siz deyirsiniz ki, 82-ci ilin əvvəlində artıq bura boşalmışdı. Binanı təmir etmək, bu ekspozisiyaları toplamaq üçün bəlkə 5-6 ay lazım idi. Ancaq üstündən 12 il keçdi...

Moskvada yaşayan vaxt əgər mənə xəbər gəlsəydi ki, bu muzey açılıb, çox sevinərdim. Sonra mən gəldim Azərbaycana, Naxçıvanda yaşayan vaxt bununla maraqlandım. Dedilər: yox, açılmadı. Nəhayət, Bakıya işə qayıdan kimi yenə də bu məsələ ilə maraqlandım və lazımi tədbirlər görmək barədə göstərişlər verdim...

İndi görürsünüz, açıldı ki. Yəni nə qədər çətinliklər də olsa, belə bir muzeyi açmaq çətin bir şey deyildir... Burada təkcə Cəlil Məmmədquluzadənin şəxsiyyətinə yox, ümumiyyətlə, mədəniyyətimizə, ədəbiyyatımıza olan münasibət özünü göstərir. Hər bir belə mədəniyyət ocağının, muzeyin yaranması bir tərəfdən mədəniyyətimizi, mədəni irsimizi, tariximizi, keçmişimizi, köklərimizi təbliğ edir. İkinci tərəfdən də bu şəxslərin, bu şəxsiyyətlərin yaradıcılığını təbliğ edir və bunlar böyük tərbiyə ocağıdır, mədəniyyət ocağıdır...”.

Heydər Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb: “Azərbaycan xalqının böyük yazıçısı, maarifçisi, ictimai xadimi Cəlil Məmmədquluzadənin Ev-Muzeyi açılır. Bakı şəhərində yeni mədəniyyət ocağı, Mirzə Cəlil ocağı fəaliyyətə başlayır. Bu, C.Məmmədquluzadənin yaradıcılığına, onun ədəbi, mədəni irsinə, onun xalqımızın tarixində əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir...”.

***

Heydər Əliyev həmin gün Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Cəlil Məmmədquluzadənin 125 illiyinə həsr edilmiş təntənəli yığıncaqda da çıxış edib.

“...Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir...

...Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrdə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik.

Cəlil Məmmədquluzadənin  fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. “Anamın kitabı” əsəri Azərbaycan üçün çox dahiyanə bir əsərdir. Çünki bizim xalqımız, respublikamız Şərqin və Qərbin, Şimalın və Cənubun qovuşuğundadır. Əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur. Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini daim yaşadıb, Azərbaycanın milliliyini yaşadıb, milli şüuru yaşadıb, milli məfkurəni yaşadıblar... “Anamın kitabı”nda yazılan, təsvir olunan meyillər bu gün də cəmiyyətimizdə özünü büruzə verir.

“Ölülər” əsəri haqqında. Mən tam cəsarətlə deyə bilərəm ki, dünya ədəbiyyatında buna bərabər ikinci əsər tapmaq mümkün deyildir. Bu əsər Cəlil Məmmədquluzadənin həm nə qədər böyük filosof olduğunu göstərir, həm də onun yalnız özünəməxsus yaradıcılığını, özünəməxsus fitri istedadını əks etdirir. Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıb, əksinə, bu əsərlə islam dininin xalqımız üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışıb. Eyni zamanda o, dini təhrif edənləri, dindən istifadə edib fırıldaqçılıqla məşğul olanları ifşa edib, tənqid atəşinə tutubdur.

Biz Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən bu gün də bəhrələnməliyik. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Təəssüf ki, mənəviyyatda çatışmazlıq, mənəviyyatda gerilik bizi bu gün də sıxır...”.

 

1994-cü il 30 dekabr

 

Heydər Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına təbrik müraciəti ünvanlayıb.

 

1994-cü il 31 dekabr

 

Heydər Əliyev Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

1995-ci il 6 yanvar

 

Heydər Əliyev Dağıstanda (Rusiya Federasiyası) yaşayan azərbaycanlıların nümayəndələrini qəbul edib.

 

1995-ci il 7 yanvar

 

Prezident Heydər Əliyev Milad bayramı münasibətilə Bakıdakı Kamera musiqisi salonunda keçirilən mərasimdə iştirak edib.

Hazırladı: Vüqar Orxan

(davamı var)