Ömrü 20 il uzadır...

 

Amerika Qidalanma Cəmiyyəti mütəxəssislərinin araşdırmasına görə, fiziki aktivlik, ağrıkəsici dərmanlara aludə olmamaq, siqaret çəkməmək, stressi effektiv idarə etmək, sağlam qidalanma, müntəzəm spirtli içki içməmək, yaxşı yuxu rejiminə riayət etmək və müsbət sosial münasibətlər ömrü uzadan vərdişlərdir.

Bu barədə tədqiqatın nəticələri Amerika Qidalanma Cəmiyyətinin illik toplantısında təqdim olunub.

Tədqiqat işində 700 mindən çox insan iştirak edib. Nəticələrə görə, səkkiz vərdişin hamısına sahib olan kişilər orta hesabla 24 il, qadınlar isə 21 il daha çox yaşayırlar.

Fiziki hərəkətsizlik, ağrıkəsici dərmanlardan istifadə və siqaret ömür uzunluğuna ən çox təsir edən amillərdir və ölüm riskini 30-45 faiz artırır. Stress, həddindən artıq spirt istehlakı, pis qidalanma və yuxu rejiminə riayət edilməməsi də ölüm riskinin təxminən 20 faiz, müsbət sosial əlaqələrin olmaması isə 5 faiz artmasına səbəb olur.