Türkiyənin şimal-şərqindəki qədim Bayburt şəhəri ənənəvi Dədə Qorqud festivalına ev sahibliyi edib. 17-23 iyul tarixlərində keçirilən 27-ci Dədə Qorqud Mədəniyyət və Sənət Şölənlərinin proqramı zəngin olub.
Tədbirlər Bayburtda Dədə Qorqud məzar-türbəsinin ziyarəti ilə başlayıb. Əfsanəyə görə, Dədə Qorqud burada dəfn olunub.
Oğuz elinin atası Dədə Qorqudun irsinə diqqət çəkmək və Türk dünyasının ortaq dəyərlərindən biri kimi təbliğ etmək məqsədi daşıyan festival 1994-cü ildən başlayaraq hər il iyul ayının üçüncü həftəsində təşkil edilir. Builki tədbirlərə də çoxsaylı qonaqlar qatılıb.
Dədə Qorqud ümumtürk mədəniyyətinin ən mühüm simvollarından biridir. “Dədə Qorqud” dastanında bəhs edilən qəhrəmanlıq hekayələri qədim türk tarixinə və mədəni keçmişinə işıq salmağa davam edir.
Festival çərçivəsində milli yeməklərin təqdimatı, sərgilər, konsertlər, folklor tamaşaları, konfranslar və şeir axşamları təşkil edilib.
İyulun 18-də Bayburt Bələdiyyəsinin Taşhan qalereyasında rəsm sərgisi açılıb. Həmin gün “Türk yüz ili və Dədə Qorqud” mövzusunda simpozium keçirilib. 19 iyulda bələdiyyənin təşkilatçılığı ilə “Bayburt Evi” muzeyinin açılışı olub.
Festivalın maraqlı tədbirlərindən biri də “Şair Zihni şeir gecəsi” olub. Bayburtlu Zihni (əsl adı Mehmed Emin; 1795-1859) həm klassik (divan ədəbiyyatı), həm də xalq şeiri üslubunda əsərləri ilə tanınan şair olub.
27-ci Dədə Qorqud Mədəniyyət və Sənət Şölənlərinə iyulun 23-də Aydıntəpə yaylağında düzənlənən konsert və xalq oyunları nümayişi ilə yekun vurulub.
Qeyd edək ki, 2018-ci il noyabrın 28-də UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında (Mavriki Respublikası, Port Luis şəhəri) Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli nominasiyası Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.