Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı hər il müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edir.
   
   Bu sərgilərdə ölkəmizin turizm imkanları müxtəlif reklam-çap materialları ilə nümayiş etdirilir. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər də nazirlik tərəfindən kirayələnmiş sahədə öz məhsullarını nümayiş etdirmək imkanı əldə edirlər.
   Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, gələn ay ölkəmiz Tehranda təşkil olunacaq VI Beynəlxalq hotelçilik və turizm sərgisində («HT&T Iran Hotel, Travel & Tourism Show») təmsil olunacaq. Nazirliyin xətti ilə ölkəmizdən 15-ə yaxın turizm şirkətinin də sərgidə iştirakı nəzərdə tutulub. 2013-cü il yanvarın 28-dən fevralın 1-dək keçiriləcək sərgidə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 80 kvadratmetrlik sahə icarəyə götürülüb.