Azərbaycandan təxminən 10 dəfə böyük ərazi

 

Yayın qızmar istiləri dünyanın bir çox yerlərində meşə yanğınları ilə müşayiət olunur. Yer kürəsində meşə yanğınları ilə bağlı məlumatların toplandığı “Global Forest Watch” saytındakı statistikaya görə, 2013-cü ildən bu yana dünyada 82 milyon hektar meşə sahəsi yanıb. Bu, 820 min kvadrat kilometr, yaxud müqayisə üçün desək, İranın yarısı və ya Azərbaycandan təxminən 10 dəfə böyük ərazidir.

Bu müddətdə dünyada yanğınlar nəticəsində ən böyük meşə itkisi 2016-cı ildə (9,63 milyon hektar) qeydə alınıb.

“Global Forest Watch” saytının məlumatına əsasən, 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-də baş verib.

Dünya üzrə son onilliyin ən böyük meşə yanğını Avstraliyada qeydə alınıb. Ölkənin bir sıra əyalətlərində 2019-cu ilin payızında başlayan və təxminən altı ay davam edən yanğınlar nəticəsində 24 milyon hektardan çox meşə məhv olub. 3500 ev yanıb, 479 nəfər həyatını itirib.

Rusiyada 2021-ci ildə 18,16 milyon hektar, ABŞ-də 2020-ci ildə 1,7 milyon hektar meşə yanaraq məhv olub. Kanadada bu ilin may ayında başlayan və hələ də davam edən yanğınlar 10 milyon hektardan çox meşə sahəsinə yayılıb.