Yüksək nəticə əldə edib

 

Türkiyənin Elazığ vilayətində 14 yaşlı məktəbli yaylaqda keçi otara-otara imtahana hazırlaşmaqla Liseyə Keçid Sistemi (LGS) üzrə imtahandan yüksək nəticə əldə edib. Cəmi bir sualda yanlışı olan məktəbli 500 mümkün baldan 494 bal toplayıb.

Ailəsi Elazığ vilayətinin Arıcak mahalında heyvandarlıqla məşğul olan Muhammet Halil Yazar həm keçiləri otarıb, həm də imtahana hazırlaşıb. Ailəsinə kömək edən əzmli məktəbli keçiləri otararkən fürsəti fövtə verməyib və məqsədinə nail olub.

“Yaylaq həyatı çox çətindir, amma ailəm bu işi sevir. Çünki bizim dolanışığımız keçi və inəklərdən çıxır. LGS imtahanından 494 bal aldım. Dərs oxuduğum dönəmdə televizora baxmadım, telefonum onsuz da yoxdur. Şadam ki, hədəfimə çatdım”, – deyə o bildirib.

LGS Türkiyədə Milli Təhsil Nazirliyi tərəfindən 2017-2018-ci tədris ilindən tətbiq olunur və liseylərə qəbul imtahanıdır. 2023-cü il LGS imtahanlarında 500-ə yaxın məktəbli maksimum nəticə göstərib.