Türklərin Anadoluya qapılarını açan Malazgirt döyüşünün (Muş vilayəti, 1071) baş verdiyi ərazidə arxeoloji qazıntılar aparılır.
Qazıntı işlərinə 2020-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mədəni İrs və Muzeylər Baş İdarəsi və Ahlat Muzeyinin birgə həyata keçirdiyi “Malazgirt döyüş sahəsinin aşkarlanması, tarixi və arxeoloji tədqiqatı” layihəsi çərçivəsində başlanılıb. Qazıntılar bu il Səlcuqluların qərargahı və ya Səlcuqlu şəhidliyi olduğu ehtimal edilən ərazidə aparılır. Ekspedisiyada 12 universitetdən 40 tədqiqatçı iştirak edir.
Muğla Sıtkı Koçman Universitetinin müəllimi, ekspedisiyanın üzvü Adnan Çevik bildirib ki, Malazgirtdən 7,5 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1640 hündürlükdə yerləşən Afşin kəndində 2021-ci ildə aparılan qazıntılar zamanı müsəlman qəbiristanlığı aşkar olunub: “2022-ci ildə aşkara çıxarılan maddi mədəniyyət nümunələri və insan sümüklərinin analizləri XI əsri nişan verir. Buradakı qəbirlərdən çıxarılan sümüklərin 25-30 yaş arası kişilərə məxsusluğu və ölüm səbəblərinin travmatik olduğu müəyyən edilib. Ərazidə iki minə yaxın məzar təsbit edilib. Əldə olunan tapıntılar burada daha geniş arxeoloji tədqiqatların aparılmasını zəruri edir”.
Xatırladaq ki, 1071-ci il avqustun 26-da baş verən Malazgirt döyüşündə Səlcuq hökmdarı Alp Arslanın qoşunları Bizans imperatoru Romen Diogenin ordusu üzərində tarixi qələbə qazanıb. Səlcuq dövləti ilə Bizans arasında müqavilə imzalanıb və Şərqi Anadolu torpaqları türklərin nəzarətinə keçib.