Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1995-ci il 18 yanvar
Prezident Heydər Əliyev Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində açılmış “Qanlı Yanvar” sərgisinə baxıb. Sərgi ilə tanışlıqdan sonra Heydər Əliyev nümayiş olunan əsərlər, xalqımızın qan yaddaşının təsviri sənətdə əksi ilə bağlı fikirlərini bölüşüb.
“...Azərbaycan xalqının tarixində qəhrəmanlıq nümunələri çox olmuşdur, xalqımızın başına çox bəlalar gəlmişdir. Əgər XX əsri götürsək, 1918-ci ildə, 1920-ci ildə Azərbaycan xalqının başına gələn bəlalar, faciələr məlumdur. 1937-1938-ci illərin faciələri də məlumdur. Ancaq 1990-cı ilin yanvarında baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi. Biz 20 Yanvar hadisələrinə faciə kimi baxırıq. Doğrudur, faciədir. Ancaq bu faciənin səbəbi nədir? Səbəbi bir tərəfdən odur ki, Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizəyə qalxmışdır...
20 Yanvar faciəsində insanlar qırıldı. Aydındır, bu, sovet ordusunun, Kommunist Partiyası rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi hərbi, siyasi təcavüzdür. Bu təcavüzün nəticəsində xalqımız qurbanlar vermişdir... Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır...
...Sərgidən aldığım təəssürat barədə bir neçə kəlmə demək istəyirəm. Buradakı əsərlər, şübhəsiz ki, Azərbaycan rəssamlarının, heykəltaraşlarının, memarlarının yüksək səviyyəyə malik yaradıcılığını nümayiş etdirən əsərlərdir.
20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.
Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər.
Bəs bu xalq, o qəhrəman, o üsyankar xalq, milli azadlıq uğrunda çalışanlar haradadırlar? Onlar niyə öz əksini tapmayıblar bu əsərlərdə? Tankın altında ölən, əzilən var, amma tankın qarşısında cəsarətlə duran azərbaycanlı balası haradadır? Niyə onun surəti yoxdur? Bilirsiniz, bu, sizin günahınız deyil. Mən heç kəsə irad tutmaq istəmirəm. Ümumiyyətlə, 20 Yanvar hadisələrindən sonra bu hadisələrə münasibət əks etdirilməlidir. Bax, buradakı əsərləri mən yüksək qiymətləndirərək hesab edirəm ki, rəssamlarımız o mövzuya aid çox gözəl əsərlər yarada bilərlər.
Bizim tariximizdə bu faciəli günlər yaşamalıdır, o qəhrəmanlıq nümunələri yaşamalıdır və mən çox arzu edərdim ki, yaradıcı ziyalılarımız – şairlərimiz, bütün yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, heykəltaraşlarımız o yüksək zirvəyə qalxmış mənəviyyat səviyyəsində əsərlər yazsınlar. Çünki o günlər Azərbaycan xalqının mənəviyyatı ən yüksək zirvəyə çatmışdı.
Keçən il biz Yanvar faciəsinin dördüncü ildönümünü qeyd edərkən, sonra Milli Məclis bu hadisələrə qiymət verərkən qərar qəbul etdik ki, 20 Yanvar şəhidlərinin xatirəsinə və bu hadisə münasibətilə bir abidə yaradılsın. Ona görə də mən arzu edərdim ki, heykəltaraşlarımız, memarlarımız bu mövzu üzərində işləsinlər. Amma bu işi gecikdirmək lazım deyil.
Faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də göstərmək lazımdır. Mən demirəm ki, böyük bir kompozisiya yaradılsın. Amma bizə bu hadisəni, tariximizin bu mərhələsini tam əks etdirən bir abidə lazımdır. Böyük abidə qurmağa indi imkan yoxdur. Ola bilər, gələcəkdə olsun. Amma indi çox təsirli, yüksək sənət əsəri kimi, bu hadisəni hərtərəfli əks etdirən bir abidə yaratmaq lazımdır”.
1995-ci il 19 yanvar
Heydər Əliyev Respublika Sarayında 20 Yanvar faciəsinin 5-ci ildönümünə həsr olunmuş xatirə gecəsində iştirak edib.
1995-ci il 23 yanvar
Heydər Əliyev “Krovavıy omut Karabaxa” (“Qarabağın qanlı girdabı”) kitabının müəllifi Yuri Pompeyevi qəbul edib.
1995-ci il 25 yanvar
Heydər Əliyev Azərbaycanda yaşayan yəhudi icmasının nümayəndələrini qəbul edib.
1995-ci il 4 fevral
Prezident Heydər Əliyev respublikanın Xalq artisti Polad Bülbüloğlunu 50 illik yubileyi münasibətilə təbrik edib.
“Azərbaycan incəsənətinin bu gün dünya şöhrəti qazanmasında sizin layiqli payınız vardır. Yaratdığınız müxtəlif janrlı musiqi əsərləri sizin çoxşaxəli yaradıcılığınızı əks etdirir, müasir milli musiqi mədəniyyətimizi zənginləşdirir. Xalqımız sizi el-el dolaşan şirin nəğmələrin müəllifi və bu mahnıların əvəzsiz ifaçısı kimi yüksək qiymətləndirir. Azərbaycan mədəniyyətində tutduğunuz görkəmli yer ölməz sənətkarımız Bülbülün həyat və yaradıcılıq mühiti ilə sıx bağlıdır. Ümidvaram ki, dahi Bülbülün sənətinin ənənələrinə daim sadiq qalacaqsınız”, – deyə təbrik məktubunda bildirilirdi.
Heydər Əliyev həmin gün bəstəkar və müğənni Polad Bülbüloğlunun 50 illik yubiley gecəsində iştirak edib.
Hazırladı: Vüqar Orxan