Tarix Muzeyinin yeni ekspozisiyasındakı bölmələr zənginliyi ilə seçiləcək
Xəbər verdiyimiz kimi, Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan zəngin kolleksiyanın ictimaiyyətə daha yaxşı təqdim edilməsi məqsədilə yeni ekspozisiya qurulur. Yeni ekspozisiyada Ulu öndər Heydər Əliyevə həsr olunan ayrıca bölmələr yaradılır.
Muzeyin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent Fərhad Cabbarovla bölməyə ekskursiya edirik. Fərhad müəllim deyir ki, Ulu öndərlə bağlı eksponatlar iki bölmədə nümayiş olunacaq. Bunlardan biri 1969-1982-ci illəri – Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü əhatə edir. İkinci bölmə isə onun müstəqil Azərbaycanda prezident olduğu dövrü (1993-2003) əks etdirəcək.
Direktor müavini bildirir ki, muzeyin əvvəlki ekspozisiyası 1920-ci illə bitirdi. 2005-2007-ci illərdə muzeydə aparılan əsaslı təmir-bərpa işlərindən sonra 9 zal Hacı Zeynalabdin Tağıyevin Ev-Muzeyinə ayrıldığı üçün ekspozisiyanın məkanı darlaşdı və belə qərara alındı ki, ekspozisiya Azərbaycan Xalq Cümhuriyyəti ilə (1918-1920) yekunlaşsın: “Lakin indi yeni ekspozisiya qurularkən planda dəyişiklik edildi və biz 2020-ci ildə Qələbə çaldığımız Vətən müharibəsini də əks etdirməli olduq. Qərara gəldik ki, son dövrə qədər olan tariximizi nümayiş etdirək. Heydər Əliyev dövrünə yeni ekspozisiyada bir zal tam olaraq ayrılıb, “1945-1988-ci illər” zalında da ayrıca bir vitrin Ulu öndərə həsr edilib. Bu zalda Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində ölkəmizə rəhbər seçilməsinə dair plenum qərarının surəti və plenumun stenoqramının surəti də nümayiş olunur”.
Fərhad müəllim deyir ki, bu bölmədəki maraqlı sənədlərdən biri də Ermənistandan bir qəzet redaksiyasının o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinə mediatur təşkil etməsi ilə bağlıdır. Bu səfər zamanı onlar Xankəndidən, vilayət partiya komitəsindən Bakıya bir məktub göndərirlər: “Biz bu sənədi arxivdən götürmüşük. Həmin məktubda Dağlıq Qarabağda guya vəziyyətin pis olması ilə bağlı Ermənistanda aparılan qərəzli təbliğata cavab yazılıb. Ermənistandan gələn nümayəndə heyəti məktubda qeyd edir ki, Dağlıq Qarabağda ermənilərin yaşayış şəraiti tam normaldır. Bu məktubun üzərində Ulu öndər Heydər Əliyevin dərkənarı var. O, dərkənarda qeyd edib ki, bu məktubla Mərkəzi Komitənin bütün büro üzvləri tanış olsunlar”.
Bu bölmədə həmçinin 1969-1982-ci illərdə Azərbaycanda quruculuq illərinin nailiyyətləri əks olunub. 1977-ci ildə Sumqayıtda istehsal olunan ilk kauçuk nümunəsi, digər üç əşya o zaman respublikanın qaz sənayesi naziri vəzifəsində işləmiş Sabit Orucova məxsus eksponatlar da burada nümayiş etdirilir. Ulu öndərin sovet Azərbaycanına rəhbərliyi dövründə ən məşhur infrastruktur layihələrindən biri Naxçıvanda Araz Su Elektrik Stansiyası idi. Həmin stansiyanın yaradılması münasibətilə xatirə medalı, eləcə də fəxri neftçi döş nişanı, Azərbaycan SSR-in 50 illiyi münasibətilə buraxılmış xatirə medalı, Ulu öndərin təşəbbüsü ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş məşhur neftçi İsrafil Hüseynova məxsus döş nişanı və onun vəsiqəsi və s. nümunələr maraq doğurur. Ümummilli liderin hakimiyyəti dövründə və elə müasir dövrümüzdə də ən böyük və əhəmiyyətli müəssisələrdən olan Bakı Neftayırma Zavoduna verilmiş “Əmək zərbəçisi” medalı, Bakı Metropolitenin xatirə nişanı və Poladəritmə Zavodunun ilk məhsulu da bu eksponatlar sırasında tarixin unudulan səhifələrinə bələdçilik edir.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası, eləcə də bayrağı və gerbi bu bölmədə yer alıb.
Həmsöhbətim deyir ki, Heydər Əliyevin fəaliyyət dövrünü əhatə edən məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq. 1980-ci illərdə Azərbaycanda ilk dəfə istifadə edilən teletaypı da burada görürük. Teletayp muzeyə AZƏRTAC tərəfindən hədiyyə olunub.
Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə mədəniyyətin inkişafını əks etdirən bölmədə isə teatr, kino, musiqi, rəssamlıq və s. sahələrlə bağlı eksponatlar əksini tapacaq. Bölmədə həmçinin informativ panellər də yerləşdiriləcək.
***
Heydər Əliyevlə bağlı ikinci dövr dahi siyasətçinin müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətini əks etdirir. Bura fotoşəkillər, məlumat bazalarından əlavə müxtəlif eksponatlar zənginlik verir.
Sabiq xarici işlər naziri Həsən Həsənov tərəfindən muzeyə hədiyyə edilən bir sənəd diqqətimizi çəkir. Bu sənəd Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən BMT-nin dörd qətnaməsindən biridir. Göy rəngdə çap olunan sənəd ondan xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının bütün üzvləri bu qətnaməni təsdiq edib. Yəni qətnamə üzv sayının razılığına əsasən rəngini dəyişir.
Ekspozisiyada Heydər Əliyevin yubileylərinə həsr olunan xatirə markaları, həmin illərdə dövriyyəyə buraxılan milli pul vahidləri, istiqrazlar da nəzəri cəlb edir.
Daha bir maraqlı məqam. 1994-cü ilin 20 sentyabr tarixində Bakıda dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanandan sonra onun icrası üzrə yaradılan komitənin ilk iclası Tarix Muzeyinin Şərq zalında təşkil edilib. Həmin iclası əks etdirən fotolar da bu bölmədə sərgilənir.
Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul olunan ilk Konstitusiyası, Milli Məclis deputatının döş nişanı, Dünya azərbaycanlılarının I qurultayının xatirə nişanı və digər qiymətli eksponatlar tariximizə güzgü salır.
Ulu öndərin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğının əks olunduğu eksponatlar da bu zalda nümayiş olunur. Onların arasında Xalq artisti Qədir Rüstəmova verilən “Şöhrət” ordeninin nişanı və vəsiqəsini, Heydər Əliyevin Xalq artisti, bəstəkar Tofiq Bakıxanova təbrik məktubunu, Xalq şairi Mirvarid Dilbaziyə verilən “İstiqlal” ordenini görürük.
Eksponatlar sırasında Milli Bank (Mərkəzi Bank) tərəfindən Azərbaycanda müstəqillik dövründə buraxılan bütün xatirə sikkələrinin nümunələri də maraq doğurur. Ulu öndərin yubileyləri ilə əlaqədar buraxılan qızıl, müxtəlif tarixi hadisələrə həsr edilən qızıl və gümüş sikkələr də burada yer alıb.
Öyrənirik ki, zalın böyük divarında yerləşdiriləcək panellərdə Heydər Əliyevin fəaliyyətilə bağlı fotolar da nümayiş olunacaq.
Ümummilli liderə həsr olunan zaldan sonra onun siyasi varisi, ideallarını layiqincə reallaşdıran Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycana səyahət edirik. Milli Tarix Muzeyinin yeni ekspozisiyası haqqında reportajlarımız davam edəcək. İnanırıq ki, tariximizin səhifələrini pıçıldayan bu ekspozisiya maraqlı eksponatları ilə ziyarətçilərin diqqətini cəlb edəcək.
Lalə Azəri