Bu il tanınmış teatr və kino aktyoru, Xalq artisti Telman Adıgözəlovun (1953-2010) anadan olmasının 70 illiyidir. 57 il ömür sürən aktyor teatr səhnəsində, televiziya tamaşalarında və filmlərdə yaddaqalan obrazlar yaradıb.

Əslən Ordubaddan olan Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda dünyaya göz açıb. Telmanın səhhəti ilə bağlı olaraq ailəsi Bakı şəhərinə köçüb və o, 7 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Televiziyasında çalışan rejissor Nazim Zeynalov ilk dəfə onu Yeni il şənliyində lentə alıb və o gündən Telmanda teatra böyük maraq yaranıb. Uşaq yaşlarından “Yasəmən” televiziya teatrında tamaşalarda oynayıb, yeddinci sinifdə oxuyanda isə böyük aktyorumuz Adil İsgəndərovun kinoaktyorluq kursuna yazılıb. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsini bitirib.

Beş il institutun “Tədris teatrı”nda çalışıb, televiziya tamaşalarında, səhnəciklərdə rol alıb.

***

Telman Adıgözəlov 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb. C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda zəncirvuran, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmir, “Mahnı dağlarda qaldı” tamaşasında Rəhman, V.Şekspirin “Maqbet”ində Flins, M.İbrahimovun “Közərən ocaqlar”ında Xanəhməd, H.Cavidin “İblis”ində şeypurçu, S.Vurğunun “Vaqif”ində təlxək, S.Rəhmanın “Nişanlı qız”ında Çeşməkli kişi və digər səhnə əsərlərində özünəməxsus ifası ilə yadda qalıb.

***

İstedadlı aktyor daha çox “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Evləri köndələn yar”, “Yarımştat” və s. televiziya tamaşalarındakı maraqlı rolları ilə, hər bir obrazının dilindən səslənən ifadələri ilə yaddaşlarda iz qoyub. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə isə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə “Əməkdar artist”, 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

***

O, şux geyinməyi, xüsusilə bahalı qalstuk, kəmər və ayaqqabı almağı çox sevib. Aktyorun oğlu Tural Adıgözəlov müsahibələrinin birində bununla bağlı deyib: “Geyim zəif yeri idi. Hər ay özünə nəsə alırdı. Bakıda olan məşhur geyim mağazaları onu tanıyırdı. Yeni kolleksiya gələn kimi ona zəng edib xəbər verirdilər. Atam dünyasını dəyişəndə bir mağazanın sahibi gəlmişdi ki, atanız gödəkcə sifariş edib, pulunu ödəyib. Qaytarıb pulu bizə verdi...”.

Əsasən komik obrazları canlandırsa da, həyatda ciddi insan kimi  tanınıb. Oğlu deyir: “Atamın yanında dünyasını dəyişmiş hansısa sənət adamının qarasınca heç kim danışa bilməzdi”.

***

Günlərin birində aktyorun ürəyində ağrılar yaranır. Ancaq buna elə də əhəmiyyət vermir. İkinci dəfə ağrı elə dözülməz olur ki, həkimə getməyə məcbur olur. Həkim onu yoxlayaraq ürəyində heç bir probleminin olmadığını, duzlaşmadan şübhələndiyini deyir və müalicə yazır. Müalicə olunsa da, aktyor özündə yaxşılığa doğru bir dəyişiklik hiss eləmir.

Xalq artistinin ölümü hamı kimi ailəsi üçün də gözlənilməz olur. Gecə saatlarında səhhəti ağırlaşır. Həkimlərin müdaxiləsinə baxmayaraq, sənətkarın həyatını xilas etmək mümkün olmur. İnsanlara səhnədən, efir-ekrandan gülüş bəxş edən aktyor 2010-cu il aprelin 15-də dünyasını dəyişir. Abşeron rayonunun Fatmayı kənd qəbiristanlığında torpağa tapşırılır.

Hazırladı: N.Məmmədli