AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Şəki bölməsinin birgə təşkilatçılığı ilə Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Bölgə yazarlarının yaradıcılığında Heydər Əliyev obrazı” mövzusunda ədəbi-mədəni tədbir keçirilib.
Əvvəlcə görkəmli dövlət xadiminin şəhərdəki abidəsi ziyarət edilib, önünə tər güllər qoyulub.
Şəki Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Fərhad Əzizov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
AYB Şəki bölməsinin rəhbəri, şair, yazıçı, dramaturq Vaqif Aslan “Heydər Əliyev şəxsiyyətinə baxış”, Elmi Mərkəzin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi dosent Kamil Adışirinov “Heydər Əliyev və İlham Əliyevin mədəniyyət və ədəbiyyat siyasətində Şəki”, “Çeşmə” ədəbi birliyinin sədri Nəsihət Vahidova “Heydər Əliyevin yazarlara münasibəti”, Elmi Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov “Çağdaş şeirimizdə Heydər Əliyev obrazı” mövzularında məruzə ediblər.
Bölgə yazarlarından Solmaz Elqızı, Yusif Rzayev, Adilə Aslanova, Güldanə Ramazanova, Elvin Nuri və Reyhan Miqdadqızı Ulu öndərə həsr olunan şeirlərini səsləndiriblər. Sonda Ulu öndərin dövlətçilik fəaliyyətini əks etdirən videoçarx izlənilib.