Ölkəmizdə təmtəraqla qeyd edilən bayramlar arasında Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün öz yeri var. Artıq bayramların bir addımlığındayıq. Qarşıda bir həftənin iş günləri olmayacağını da nəzərə alsaq, indi bir çoxları bu zamanı ölkə daxilində və xaricdə mənalı istirahət etmək niyyətindədir. Biz də bu mövzuda kiçik bir araşdırma apardıq.
   
   Bayramı yerli istirahət məkanlarında keçirmək istəyənlərin sayı artır
   
   Azərbaycan Turizm Assosiasiyasının sədri (AZTA) Nahid Bağırov ötən ilə nisbətən bu il Yeni ili ölkə daxilindəki istirahət məkanlarında keçirmək istəyənlərin sayının artdığını bildirdi. Onun sözlərinə görə, bunun başlıca səbəbi respublikada turizm infrastrukturunun yaxşılaşması, yeni hotellərin açılmasıdır. Hotel və turizm şirkətləri Yeni illə əlaqədar xüsusi paketlər hazırlayırlar. Bu paketlərin çeşidi ötən ilə nisbətən daha genişdir. O ki qaldı tətil üçün xarici ölkələri tərcih edən vətəndaşlarımızın seçiminə, assosiasiya sədri bildirdi ki, bu il də Azərbaycan vətəndaşları bayram günlərini daha çox Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində, eləcə də bəzi Avropa və Asiya ölkələrində qeyd etmək istəyirlər.
   Həmsöhbətimizin fikrincə, Yeni ili keçirmək üçün xarici ölkəyə getməkdənsə, bayramı Bakıda və bölgələrdəki hotel və istirahət mərkəzlərində keçirmək daha sərfəlidir: “Əsas amil Azərbaycanda Yeni il turpaketlərinin qiymətlərinin münasib olmasıdır. Yeni il bayramı günlərində Avropada hotellərin qiymətləri 2-3 dəfə artır. Amma bizdə qiymətlər daha ucuzdur».
   AZTA sədri güman edir ki, bayramla əlaqədar Azərbaycanda turizm şirkətləri və hotellər qiymətləri artırmayacaqlar, hər halda hələlik bu, müşahidə edilməyib: «Onu deyim ki, Yeni il bayramı günlərində - dekabrın 29-dan yanvarın 2-3-dək bütün dünyada hotellərdə qiymətlər artır. Hotellər qiymətləri qaldıranda turizm şirkətlərinin paketlərinin qiymətləri də artır. Çox adam elə bilir ki, turizm şirkəti bundan artıq pul götürmək istəyir. Ancaq bu belə deyil».
   Assosiasiya sədrinin sözlərini «Trivago» turizm saytından əldə etdiyimiz məlumat da təsdiqləyir. Saytın məlumatına görə, İspaniya hotellərində Yeni il gecəsi üçün nömrələrin orta qiyməti keçən illə müqayisədə bu il 57% yüksəlib. Madriddə qiymətlər 41% artaraq 103 avro səviyyəsində dayanıb.
   
   Xaricə gedənlər Dubay və Türkiyəyə üstünlük verirlər
   
   Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri isə həm ölkə daxilində, həm də xaricdə istirahət üçün vətəndaşlarımızdan sifarişlər qəbul edirlər.
   «Spekir travel» turizm şirkətinin müdiri Göydəniz Qəhrəmanovun sözlərinə görə, bayram günlərini xarici ölkədə keçirmək istəyənlər əsasən Dubay, Türkiyə və Gürcüstanı seçirlər: «Amma Azərbaycanın regionlarını seçən vətəndaşlarmız da çoxdur. Onlar əsasən şimal bölgəsinə, daha çox isə Qəbələdəki istirahət mərkəzlərinə üz tuturlar».
   «Sevgin travel» turizm şirkətinin rəhbəri Bahadur Bilalov isə yerli istirahət mərkəzlərində qiymətlərin baha olduğunu qeyd etdi. Onun sözlərinə görə, əgər qiymətlər ucuzlaşsa, ölkə daxilində dincəlmək istəyənlərin sayı daha çox olar.
   «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, turizm sektorunun təmsilçiləri Yeni illə bağlı bir neçə ay öncədən proqramlar hazırlayıb və buna uyğun turist sifarişləri qəbul edirlər: “Əsasən Türkiyənin İstanbul şəhərinə, Uludağa, Birləşmiş Ərəb Əmirliklərinə, eləcə də Gürcüstana, Şərqi Avropaya sifarişlərimiz çoxdur».
   O, bayramı yerli istirahət məkanlarımızda keçirmək istəyənlərin də çox olduğunu dedi: “Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala zonalarına maraq göstərənlər var. Lerik və Qəbələnin istirahət mərkəzlərində isə bütün yerlər artıq tutulub”.
   Qiymət artımına gəldikdə isə həmsöhbətimiz bildirdi ki, əvvəlcədən yer sifariş verənlər bu məsələdə heç vaxt uduzmurlar. Qiymətlər bayram yaxınlaşdıqca qalxır: «Yerli istirahət məkanlarımızda gecələmə qiymətlərində heç bir artım olmasa da, bayram proqramları və yeməklərində bir qədər artım var».
   
   Yerli məkanlar «qiymətlər qalxmayacaq» deyir...
   
   Yerli istirahət məkanları və hotellərdə çeşidli Yeni il proqramları təşkil olunacaq. Qiymətə gəldikdə isə, apardığımız sorğu hələlik deməyə əsas verir ki, artım müşahidə olunmayacaq.
   «Abşeron Marriot»un administratoru Polad Süleymanov bildirdi ki, hotelin iki restoran və bir barında Yeni illə bağlı xüsusi proqram təqdim ediləcək. 95 manatlıq menyuya bütün növ yemək və içkilər daxildir. Müştərilər bu qiymətə Yeni il gecəsində istədikləri kimi əylənə biləcəklər. Hotelin digər mərtəbələrindəki zallar da bayramla əlaqədar müxtəlif təşkilatçı şirkətlər tərəfindən icarəyə götürülüb. Burada şou-proqramlar təşkil olunacaq. Qiyməti isə həmin şirkətlər özləri müəyyənləşdirir.
   Nabrandakı «Atlant» istirahət mərkəzinin direktoru Tahir Qədəşov bayramla bağlı qiymətlərdə heç bir qalxma olmayacağını dedi: «Adətən bizdə qış fəsli üçün qiymətlər yay turizm mövsümündə təklif etdiyimiz qiymətlərin 50 faizi qədər ucuzlaşır. Həmin qiymətlər elə bayram günlərinə də aiddir. Biz insanlarımızın maddi vəziyyətini həmişə nəzərə alırıq. Ona görə də hesab edirəm ki, bayram tətilində qiymət qaldırmaq düzgün deyil».
   
   Gürcüstana turist qatarı istifadəyə verilə bilər

   
   Bayramlarla əlaqədar elan edilən qeyri-iş günlərində «Azərbaycan Dəmir Yolları» gücləndirilmiş rejimdə çalışacaq. Azərbaycandan Gürcüstana turist qatarı da istifadəyə verilə bilər. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, turizm şirkətləri bayram günlərində Gürcüstana turist qatarının təşkili barədə təkliflə müraciət ediblər. Sərnişin axınının çox olacağı halda, əlavə reyslər təşkil ediləcək: «Əgər turist qatarının buraxılması üçün sərnişin axını kifayət qədər olmazsa, onda Gürcüstan istiqamətində hərəkət edəcək qatarlara əlavə vaqonlar qoşulacaq. Bayram günləri ilə bağlı ölkə ərazisində hərəkət edən bütün qatarlara qoşulacaq əlavə vaqonlar da hazırlanır”.
   Beləliklə, apardığımız araşdırma və gəldiyimiz nəticəyə əsasən deyə bilərik ki, ən yaxşısı bayramı elə öz evində, öz məkanında qeyd etməkdir. Amma hər kəs Yeni ili harada qarşılamaq məsələsində sərbəstdir. Yeni iliniz mübarək!
   

  Fəxriyyə Abdullayeva