Azərbaycan Turizm Assosiasiyası artıq xarici tərəfdaşlarından Şahdağ Qış-Yay Turizm Kompleksinə turist səfərləri ilə bağlı müraciətlər qəbul etməyə başlayıb. Qurumun İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, kompleksin birinci mərhələsinin açılışından sonra belə müraciətlərin sayı artıb: «Əsas müraciətləri Rusiya və MDB ölkələrindən alırıq. Komplekslə bağlı hələlik güclü tanıtım kampaniyası başlamasa da, orada istirahət arzusunda olanların sayının çox olması sevindirici haldır».
   Assosiasiya sədri bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün turizm şirkətləri Şahdağ kompleksinə səfərlər təşkil edə bilər.
   Qeyd edək ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Şahdağ Qış-Yay Turizm Kompleksində birinci mərhələyə daxil olan infrastruktur obyektlərinin, o cümlədən «Qaya» və «Zirvə» hotellərinin açılışında iştirak edib. Eyni zamanda 39 kilometrlik Qusar-Ləzə avtomobil yolu istifadəyə verilib. Ölkə başçısı həmçinin 178 nömrəlik «Shahdag Resort SPA» hotelinin tikintisinin gedişi ilə tanış olub. Şahdağ kompleksi Azərbaycan tarixində ilk dağ-xizək turizm mərkəzidir. Hazırda burada çalışacaq personalın hazırlanması ilə bağlı işlər aparılır. Bu məqsədlə təşkil edilmiş kurslara artıq 160 yerli mütəxəssis cəlb olunub. 
   

   Fəxriyyə Abdullayeva