Dərd alıb, qəm satıb nəf eyləyən
   
   Aşiqlər aşiqi Aşıq Ələsgər!..
   

   Öz təbirincə “dərdi”, bizcə isə hər şeiri dillərdə əzbər...
   Bu aşiqin elə sözləri, elə misraları var ki, qaraqaş-qaragöz gözəllərə bənzəyir. Bu Aşığın elə bəndləri, qoşmaları var ki, dahilər fırçasından çıxmış portretləri, tabloları, peyzajları andırır. Bu başdan-başa anadil, xalqnəfəs şair incə mətləbləri elə ustalıqla çözür - sanki analar lal balalarını qandırır: “Adını demirəm - eldən ayıbdır, filankəsin qızı filan oynasın”, “Bir baş ki ilqara qurban getməsin, onu bir qarpıza dəyişmək olar”, “Sənin ərin ölsün, mənim arvadım - düşsün aramıza vay, gülə-gülə”...
   Bu cürənə möcüz vizuallıqlardan sonra elənçi bir ilahi “kamerman” haqda belənçi bir bəndəvi fikir işlətməyəkmi ki, Aşıq Ələsgər öz dövrünün bütün gözəllik və özəlliklərinin universal foto-kinematoqrafı olub...
   
   Həyatı da qıfılbənd, divani, müxəmməs aşıq
   
   Düz yüz il üstünə telli saz basdığı o sinənin altındakı ürək nələr çəkməyib?! Bir az uzaq el-obalardakı məclis-mərəkələrdə “Yazıq Aşıq Ələsgəri çəkməyə dara xoş gəldin” kimi gözəlləmələr söylədiyi gözəllər elə zənn edirmişlər ki, bu “yanmış” kişinin özgə bir dərd-səri yoxdu. Daha demirmişlər ki, kasıblıq dərdindən sevgi gözünün ilk ovu - Səhnəbanısı əlindən alındığından həqiqətən yanmış bu aşiqin tək elə yaşı 40-ı keçməyib, həm də ömrünün qırxı çıxıb...
   Zəmanəsinin Leyli-Məcnun dastanına çevrilmiş Səhnəbanı-Ələsgər sevgisinin hicran qanı qurumur ki, qurumur. Qırx yaşınadək evlənməyən aşıq o Səhnəbanının əmisi “Pullu Məhərrəm”in fağır qızı zorla öz gavur oğluna alması səbəbindən için-için ağlasa da, heç kəsi narahat etməyib, heç kimə heç nə deməyib - qohumu Zöhrə ilə “deyişmə”sindən savayı:
   
   Ələsgər
   Söylə, qasid, müxtəsəri-vəssalam,
   Ərzimi canana dedin, nə dedi?
   Bülbültək asmana yetişib nalam,
   Səhni-gülüstana dedin, nə dedi?
   
   Zöhrə
   Nakəs müxənnətin boynu vurulsun,
   Vay düşsün evinə, şivən qurulsun,
   Məhərrəmin oğlanları qırılsın,
   Qalmasın yurdunda nişana! - dedi.
   

   Sənətkar adı, aşıq namı xətrinə yeyimindən kəsib geyim-keçiminə verən bu “bəxtəvər”ə köks ötürən dövrandaşları hələ çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq fəlsəfəsinin bu canlı akademiyası bir əlində saz, bir əlində çin, dəryaz, yaba yaşayıb. Hərəkəti ilə bərəkət becərib, xırman tutub, ilhamıyla sənət yaradıb, şöhrət qazanıb.
   Bu “bəxtəvər” aşiq-aşığın tərcümeyi-halında “Pullu Məhərrəm” kimi cəmiyyət kötüklərilə bahəm, təbiət kötüyü də olub. İllərin birində dolanışıq üçün əkdiyi taxıl zəmisini sahənin ortasındakı “Qozqara” deyilən nəhəng bir kötüyə tapşırıb şənliklərə gedən, qayıdanda isə sünbülləri yağış-doludan viran olmuş görən aşıq həmin “qaravulçu” ilə bir “deyişmə” eləyir:
   
   Kötük
   Aşıq, nə meydanı yalqız alıbsan,
   Söz deyim - sözünə barabar olsun.
   Nahaq qandı ortalığa salıbsan,
   Elə iş tut, ondan xeyir kar olsun!
   
   Aşıq Ələsgər
   Ələsgər, başına qəhətdi peşə?
   Darı əkib yeməyibsən həmişə?
   Sazı bas sinənə, təcnisdən döşə,
   Yığ urzunu, verən əllər var olsun!
   
   Ona verən əllər az olmayıb - Allah şeir-sənət Dədəmizə yardım edib onu xəcil qoymayan babalarımızın bugünkü nəsil-nəcabətlərini var eləsin. Amma bu nəhəng el aşığı sənətdə olduğu kimi, əmək-zəhmətdə də ad çıxarıb. Ustad aşıqlardan saz-söz, halal əkin-biçinçilərdən tər-nər dərsləri alıb, yüz beş illik ömrünü sənət və torpaq ətri ilə süsləndirib. Ömrünün sonlarında “Xudam səni, məni yoxdan yaradıb, Sən də bircə milçək yarat, ərməni” dediyi haramzadaların təpkisilə didərgin düşən böyük sənətkar Kəlbəcərdə dəyirmançı da işləməli olub. Lakin Dədə Aşığın əkib-becərdiyi, ilhamında üyütdüyü təkrarsız sənət nümunələri dünyanın bütün torpaqlarının yetirdiyindən, bütün dəyirmanlarının üyütdüyündən daha dadlı, daha şanlı, daha əbədidir. Məsələn, dünyada “dünya malı” deyilən bütün şeylər köhnəlir də, azalıb-çoxalır, ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq” müxəmməsi isə böyük sənət qalasının təkrarsız ornamenti kimi əbədi qalasıdır:
   
   İnnən belə başımızda
   Namərdlərin töhmətidi.
   Hansı məclisə gedirsən -
   Arpa-buğda söhbətidi.
   Kartof ilə ayranaşı
   Süfrəmizin zinətidi.
   Buraya bahalıq salan
   Qeyri yerin millətidi.
   Nə işə əl atırıqsa,
   Oluruq peşman, bahalıq!..
   
   Deyir...
   
   Bəli, deyir!.. Deməyinə hamı deyir - xüsusən də şairlər, aşıqlar. Amma - barmaqla sayılasılardan savayı - nə deyir, necə deyirlər? Məsələn, elə Dədə Ələsgərin müasiri olmuş bir şairimiz kimi deyənlər də var: “Ağacda oturmuş sərçə, sən nə uzunsan, ey küçə?!”
   Dədə Ələsgər isə bütün şeirləri, hətta hər misrası, hər kəlməsi ilə zirvə deyir!
   Siz bir bu haqq aşiqinin “nahaq” məhkumluğuna baxın, deyir: “Yazıq aşiq Ələsgəri çəkməyə dara xoş gəldin!..”  

   Deyir:
   Ala gözlüm, səndən ayrı düşəli
   Hicranın qəmiylə kef eyləmişəm.
   Günüm ahu-vaynan keçib dünyada,
   Dərd alıb, qəm satıb nəf eyləmişəm.
   
   Deyir:
   Ələsgərin nəfsi binadan toxdu,
   Səxavətin yoxdu, sözlərin oxdu.
   Bizim borcumuzdan sizinki çoxdu,
   İstəyirsən gedək, gecə yatmayaq...
   
   Deyir:
   Vəsfini söyləyim, qəflətdən ayıl,
   Gərdənə yaraşır qızıl həmayıl.
   Həsrətin çəkənlər olubdur sayıl -
   Yığır qapılardan pay, sarıköynək!..
   
   Deyir:
   Ələsgər, üsyanın çıxıbdır sandan,
   Öldürsən zənburu əl çəkməz şandan.
   Hərcayıdan, müxənnəsdən, nadandan
   Nə söz qaldı sənətkara dəyməmiş?!.
   
   Dedirdib, dedirdir, dedirdəcək...
   
   Qələmlə yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi nəşriyyatlar”da çap edilə-edilə qısa müddət ərzində bütün Azərbaycanın şairi, türk dünyasının sənətkarı kimi tanındı. Haqqında dastanlar qoşuldu, müdrik tanıtım-deyimlər deyildi.
   Akademik Həmid Araslı: “Aşıq Ələsgər bütöv bir xalq akademiyasıdır”.
   Akademik Yaşar Qarayev: “Peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, peyğəmbər aşıqların sonuncusu isə hələlik Aşıq Ələsgərdir”.
   Professor Hüseyn İsmayılov: “...Sazın, sözün sehrində sintezləşən, Tanrı dərgahına ucalan musiqinin, səsin, sözün, dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adı önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Əgər orta çağ Oğuzu onun adına kitab bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin kitabı” adlandırardı: eynilə “Kitabi Dədə Qorqud” kimi...”
   Və... bəndəniz: Aşıq Ələsgər Nizami, Füzuli, Nəsimi dənizinə bütöv bir xalq çayı kimi axıb və bu dəniz okean olana qədər axacaq...
   
   Tahir Abbaslı