Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Şadlıq saraylarının təsnifatı və qaydalar» dövlət standartını (AZS 746-2012) təsdiqləyib. Yeni standartlar 2013-cü il yanvarın 1-dən tətbiq ediləcək. Sənəddə şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər əksini tapıb.
Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə aid tələblər də əsas yeri tutur. Standarta əsasən, sarayın mətbəxinin ümumi sahəsi 1 nəfərə 0,40 kv.m təşkil etməlidir. Mətbəxdə arakəsmələrlə, yaxud ayrı otaqlar olmaqla soyuq qəlyanaltıları hazırlamaq üçün ayrıca bölmə, manqal yeməklərinin hazırlanacağı ayrıca yer (havalandırma sistemi güclü olan bölmə) olmalıdır. Ət məhsullarının qəbulu, kəsilməsi və hissələrə ayrılması üçün də xüsusi otaq və ya bölmə olmalıdır.
Standartda həmçinin yeməklərin hazırlanması və qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalarına, xammalların anbarda saxlanmasına dair tələblər qeyd edilib.
Standartda xidmət göstərən heyətə də ciddi tələblər müəyyənləşdirilib. Belə ki, standarta əsasən, mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayış təqdim etməlidir. Administrator, süfrəçi, barmen, somelye, aşpazlar işlədikləri sahə üzrə təhsilli olmalıdırlar. Standartda personal üçün konkret tələblər də göstərilib.
Fəxriyyə Abdullayeva