Daxili turizmə həsr olunmuş jurnal nəşrə başlayıb
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə ölkədə ilk dəfə olaraq daxili turizmə həsr olunmuş "Evimiz Azərbaycan" jurnalı nəşrə başlayıb.
   Jurnalda oxuculara ölkənin ayrı-ayrı regionlarının turizm imkanları, mehmanxana-turizm obyektləri və burada göstərilən xidmətlər, turizm sektorunda baş verən yeniliklər barədə geniş məlumat verilir, bu sahədəki problemlər və onların həlli yollarına toxunulur, müsbət təcrübə təbliğ olunur.
   Əsas hədəfi yerli turizm şəbəkəsinin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin yüksəlməsi və ölkə əhalisinin daxili turizmə marağının artırılmasını təmin etməkdən ibarət olan nəşrdə turist və istehlakçılar üçün maarifləndirici materiallar da əksini tapıb.
   Jurnalda "Turimkan", "İstiqamət", "İnfrastrukturizm", "Multikultura", "Turbiznes", "Peşəkar", "Turxidmət", "Bir gün Azərbaycanda", "Ziyarət", "Uşaq aləmi", "Turizm növləri", turistlər üçün maarifləndirici "Turkonsaltinq", "İstirahət mərkəzi", "Şirkətlər" kimi rubrikalar var.
   Nəşrdə həmçinin Azərbaycanın turizm və istirahət obyektlərinə, infrastrukturuna investisiya yatırımı imkanları, turizm sektorunda fəaliyyət göstərən mütəxəssislər və şirkət sahiblərinin təcrübəsi, şirkətlərin tətbiq etdiyi yeniliklər haqqında məqalələr, müsahibələr, araşdırmalar yer alıb.
   Jurnalın ilk sayında Azərbaycana ayrı-ayrı ölkələrdən gələn turistlər və onların ölkədə xərclədiyi vəsaitlər, Bakının ən böyük hotelləri, Azərbaycanın gözəl guşələrindən olan Şəki, onun mətbəxi, təbii gözəllikləri və turizm imkanları barədə materiallar dərc olunub.
   "Multikultura" rubrikasında Azərbaycanın Göygöl rayonu ərazisindəki alman məskənləri, ölkəmizdə yaşamış almanların həyat və məişətinə həsr olunmuş "Alman izi - Helenendorf" məqaləsi yer alıb. "Ziyarət" rubrikası Beyləqan rayonu ərazisində yerləşən və bütün regionda məşhur olan "Həzrəti Cərcis Peyğəmbər" ziyarətgahına, "Bir gün Azərbaycanda" rubrikası isə "Kulinariya turu"na həsr edilib. Jurnal ayda bir dəfə nəşr olunacaq.